MEDİA VASİTƏLƏRİNDƏ / 19 DEKABR 2019
“Tütünsüz həyat – sən özün yarat!” şüarı ilə təşviqat aksiyası təşkil edilib
Dünyada hər il təxminən 8 milyon insan tütünçəkmənin yaratdığı xəstəliklərdən dünyasını dəyişir. XX əsrdə tütün epidemiyası dünyada 100 milyon insanın həyatına son qoyub. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, tütün tüstüsü dünyada 8 əsas ölüm səbəblərindən 6-sına dair risk faktorudur. Sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi birləşmə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli toksik maddə və 70-i kanserogen hesab edilir.
Qeyri-infeksion xəstəliklərin profilaktikası və tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə bu gün keçirilən “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans çərçivəsində “Tütünsüz həyat – sən özün yarat!” şüarı ilə təşviqat aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən keçirilən aksiyanın məqsədi sağlam həyat tərzini təbliğ etmək, əhalini zərərli vərdişlərdən uzaq olmağa çağırmaqdır.
Aksiya zamanı bir daha vurğulanıb ki, tütünçəkmə sağlamlığa birbaşa və ya dolayı təsir göstərərək orqanizmə ciddi zərər vurur. Eyni zamanda, tütünçəkmə sağlamlığa ciddi ziyan vurmaqla yanaşı, xarici görünüşü də dəyişir, dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də erkən yaşda qırışların əmələ gəlməsi ilə nəticələnir. Aksiya iştirakçılarının diqqətinə çatdırıldı ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır, bu hər kəsin, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir. Odur ki, ictimai səhiyyə mütəxəssisləri əhalini “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırır.
Aksiya zamanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici çap materialları paylanılıb.