Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (GYTS) dünyanın bütün ölkələrində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyilə 1998-ci ildən başlayaraq keçirilir və 2010-cu ilədək bu tədqiqatda 19 ölkə iki dəfə, 4 ölkə isə 3 dəfə olmaqla, ümumilikdə 31 ölkə iştirak etmişdir.
Azərbaycanın 2011-ci ildə bu tədqiqata qoşulması məqsədilə ÜST-ün Avropa Regional Bürosunun 2010-cu ilin 3-5 noyabrında Danimarkanın Kopenhagen şəhərində keçirilmiş “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) və tibb tələbələri arasında tədqiqatın aparılması (GHPSS) üzrə seminar”da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndəsi iştirak etmişdir. Həmin seminarın məqsədi ölkələrdə gənclərin tütündən istifadəsilə bağlı tədqiqatın aparılmasının öyrənilməsi, təcrübə mübadiləsinin aparılması və zəruri məlumatların əldə olunması idi.
Tədqiqatın Azərbaycanda reallaşması üçün İSİM-də müvafiq təkliflər hazırlanaraq 2010-cu il dekabrın 10-dək ÜST-ün Avropa Regional Bürosuna təqdim olunmuşdur.
Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (GYTS) 13-15 yaşlı məktəblilər (8, 9, 10-cu siniflər) arasında keçirilir və gənclər arasında tütündən istifadəyə dair monitorinq imkanlarını artırır. Sorğu bütün ölkələr üçün vahid, standartlaşdırılmış metodologiya və sorğu anketlərinə əsaslanaraq aparılır. Tədqiqatın məlumatlarına əsasən, tütünə dair profilaktika və nəzarət proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi mümkündür.
Tədqiqatın Azərbaycanda həyata keçirilməsi ÜST ilə İSİM-in birgə maliyyə dəstəyi, eləcə də Təhsil Nazirliyinin müvafiq təşkilati yardımı sayəsində reallaşdı. Tədqiqatın ilkin mərhələsində sorğunun keçirilməsi nəzərdə tutulmuşdur. Sorğuda əvvəlcədən CDC və ÜST tərəfindən seçilmiş 25 məktəbin 2047 şagirdi iştirak etdi. Azərbaycan Respublikasının bütün məktəbləri və müvafiq yaş qrupuna aid sinifləri üzrə aparılan seçim hər bir yeniyetməyə sorğuda iştirak etmək şansı verdi. 2011-ci il mayın 18-nə kimi davam edən sorğunu İSİM tərəfindən xüsusi təlim keçmiş 10 intervüyer 8, 9 və 10-cu sinif şagirdlər tərəfindən dərk edilməsinə uyğunlaşdırılmış sorğu anketi vasitəsi ilə apardı. Tədqiqat prosesində 13-15 yaşda olan 2018 şagirdlər arasında tütündən istifadə ilə bağlı müxtəlif məlumatlar toplanıldı. Suallar siqaretçəkmə, tütünlə bağlı bilik və yanaşma, siqaret çəkməkdən imtina, ətrafdakıların siqaret çəkməsi, tütünlə əlaqəli media və reklam, eləcə də məktəb dərsləri haqqında idi. Tələblərə uyğun olaraq, İSİM tərəfindən aparılan sorğu məktəblərin və şagirdlərin anonimliyinin, cavabların və ümumiyyətlə sorğunun nəticələrinin konfidensiallığının təmin edilməsi şərtilə qurulmuşdur. Eyni zamanda sorğu zamanı tütünlə mübarizəyə dair təbliğat məqsədilə İSİM tərəfindən hazırlanmış, üzərində məlumatlandırıcı mesajlar olan maarifləndirici vəsaitlərdən istifadə edilmişdir.
Tədqiqatın ilkin mərhələsinin şərtlərinə əsasən, sorğu başa çatdıqdan sonra toplanmış müvafiq məlumatlar və sənədlər təhlil məqsədilə CDC-yə göndərilmişdir. Toplanmış məlumatlar əsasında CDC tərəfindən ölkə üzrə İnformasiya Bülleteni hazırlanmışdır.
LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Tofiq Musayev
ƏLAQƏ: [email protected]