Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında imzalanmış 2006-2007-ci illəri əhatə edən İkiillik Əməkdaşlıq Sazişi çərçivəsində ölkə əhalisinin psixi sağlamlığı ilə bağlı bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin Sazişə uyğun olaraq, 2007-ci ilin iyunundan etibarən Azərbaycanda “Psixi Sağlamlıq Sisteminin Qiymətləndirilməsi” və “Əhalinin Psixi Sağlamlığı Siyasətinin və Kadrların Təkmilləşdirilməsi Strategiyasının Hazırlanması” layihələri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən həyata keçirilməyə başlanılmışdır. Layihələr ÜST-ün texniki və ekspert dəstəyilə gerçəkləşdirilmişdir.
ÜST-ün 2001-ci ildə təqdim olunmuş “Dünyada səhiyyənin vəziyyəti haqqında: Psixi Sağlamlıq, Yeni Anlayış, Yeni Ümid” məruzəsində psixi xəstəliklərlə bağlı problemlərin ağırlığının elmi sübutları verilmişdir. Eyni zamanda bu hesabatda ictimaiyyətə arxalanan psixi sağlamlıq sisteminin və xidmətinin qurulmasının zəruriliyi qeyd olunmuş, o cümlədən əsaslandırılmışdır. Ölkə və regionlarda psixi sağlamlıq sistemi haqqında əsas məlumatların toplanılmasına kömək məqsədilə ÜST tərəfindən “Psixi Sağlamlıq Sisteminin Qiymətləndirilməsi” üçün vasitə tərtib olunmuşdur. “Psixi Sağlamlıq Sisteminin Qiymətləndirilməsi” vasitəsindən istifadə etməklə, Azərbaycanın psixi sağlamlıq sistemindəki çatışmazlıqlarının dəqiq və aydın mənzərəsi əldə edilmiş, bu məlumatlar müəyyən vaxt ərzində psixi sağlamlıq sahəsində, eləcə də psixiatriya yardımı göstərilməsində yaxşılaşmaya nail olmağa imkan yaratmışdır. “Psixi Sağlamlıq Sisteminin Qiymətləndirilməsi” layihəsi gedişində əldə olunan məlumat və araşdırmaların nəticələri Psixi Sağlamlıq Sahəsində Milli Strategiyanın hazırlanmasında istifadə edilmişdir.
“Psixi Sağlamlıq Sahəsində Milli Strategiyanın” hazırlanması üzrə ümumi rəhbərliyi İSİM-in direktoru Ceyhun Məmmədov və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı, Psixi Sağlamlıq üzrə Milli Koordinator Gəray Gəraybəyli həyata keçirmiş, əlaqələndirici isə ÜST-ün Azərbaycanda Ölkə Ofisinin “Qeyri-infeksion xəstəliklər və ətraf mühit” proqramı üzrə mütəxəssisi Sevil Əsədova olmuşdur.
Bu sənədin işlənib hazırlanması üçün yaradılmış işçi qrupların tərkibinə psixiatrlar, dövlət və qeyri-hökumət təşkilatlarının mütəxəssisləri daxil edilmişlər. Layihənin müəyyən mərhələsində işçi qruplar tərəfindən hazırlanmış ilkin variantların təhlil edilib qiymətləndirilməsi, lazımi düzəlişlərin aparılması üçün psixiatriya və psixologiya sahəsində Azərbaycanın məşhur alimləri, tədqiqatçıları, eyni zamanda beynəlxalq ekspertlər cəlb edilmiş, onların rəy və tövsiyələri nəzərə alınmışdır.
2011-ci ilin may ayında Psixi Sağlamlıq Sahəsində Milli Strategiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuşdur.
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yanaşı, Psixi Sağlamlıq Sahəsində Milli Strategiya əhalinin psixi sağlamlığının möhkəmləndirilməsi, keyfiyyətli psixososial yardımın göstərilməsi, eləcə də psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquq və maraqlarının qorunması sahələrində praktik fəaliyyəti tənzimləyəcəkdir. Özündə ümumi baxışları, məqsəd və prinsipləri, fəaliyyət istiqamətlərini birləşdirən həmin sənəd psixiatriya xidmətinin maliyyələşdirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi, mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin psixi sağlamlıq sahəsində müalicə-profilaktika tədbirlərinin yaxşılaşdırılması məsələlərinə kompleks yanaşmanın həyata keçirilməsinə imkan yaradacaqdır.
LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Ceyhun Mvəmmədov
ƏLAQƏ: [email protected]