Azərbaycan 2005-ci ildə Helsinkidə keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Psixi sağlamlıq üzrə nazirlər səviyyəsində konfransında psixiatriya yardımının göstərilməsinin yaxşılaşdırılması və bu sahədə qanunvericiliyin həyata keçirilməsi öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə Avropa üzrə Psixi Sağlamlıq Bəyannaməsini imzalayıb. Bəyannamədə əksini tapmış prioritet məsələlərdən biri ilkin səhiyyə xidmətinin (ümumi praktik həkimin) psixi sağlamlıq üzrə əsas rol oynadığının qəbul edilməsindən və psixi sağlamlığın təmin edilməsi vəzifəsinin yerinə yetirməsi üçün onun potensialının gücləndirilməsindən ibarətdir.
ÜST ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında imzalanmış 2008-2009-cu illəri əhatə edən İkiillik Əməkdaşlıq Sazişinə əsasən, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2008-ci ildə “İlkin tibbi yardım həkimlərinin psixi sağlamlıq üzrə biliklərinin artırılması” layihəsinə başlanılıb.
2008-ci il noyabrın 4-də Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Tibb Universitetinin, İSİM-in, psixiatriya xəstəxanalarının mütəxəssislərinin iştirakı ilə keçirilmiş dəyirmi masada ÜST-ün psixi sağlamlıq üzrə beynəlxalq eksperti Nərgiz Xocayeva tərəfindən layihənin təqdimatı olub. Təqdimatda layihənin məqsəd və vəzifələri açıqlanıb, xarici təcrübənin nailiyyətlərindən bəhs edilib. Layihənin əsas məqsədi ilkin səhiyyə xidməti səviyyəsində aşağıda göstərilən hədəflərə nail olmaq idi:
- Yüngül və orta-ağır dərəcəli ruhi xəstəliklərin diaqnozunun qoyulmasında və müalicəsinin aparılmasında ilkin səhiyyə xidməti həkimlərinin bacarıqlarının artırılması;
- İlkin səhiyyə xidməti və ixtisaslaşmış tibb müəssisələri arasında göndəriş sisteminin təkmilləşdirilməsi;
- Tələbələrin təhsili və ümumi praktik həkimlər üçün təkmilləşdirmə sisteminin gücləndirilməsi.
Layihə çərçivəsində ilkin səhiyyədə çalışan həkimlərin psixi sağlamlıq üzrə hazırkı bilik səviyyələrinin qiymətləndirməsi üçün İSİM-də sorğu anketi işlənib hazırlanıb, 2009-cu ilin fevral-mart aylarında Bakıda, eyni zamanda Azərbaycan Respublikasının müxtəlif regionlarında (Şəki, Qax, İsmayıllı, Ağdaş, Abşeron, Siyəzən, Dəvəçi, Quba, Xaçmaz, Masallı və Lənkəran) İSİM-in təşkilati-metodik rəhbərliyi ilə İSİM və Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən sorğu aparılıb və əldə olunmuş məlumatlar təhlil edilərək hesabatda əks olunub.
Hesabatda şərh olunan nəticə və tövsiyələr 2009-cu il oktyabrın 15-də İSİM-də Ümumdünya Psixi Sağlamlıq gününə həsr olunmuş “İlkin səhiyyə səviyyəsində psixi sağlamlıq üzrə müalicə keyfiyyətinin yaxşılaşdırılması və təşviq edilməsi” mövzusunda dəyirmi masada müzakirə edilib.
Tələbələr və müdavimlər üçün tədris proqramının yeniləşdirilməsi, eyni zamanda ilkin səhiyyə xidməti həkimləri üçün təlim materiallarının hazırlanması, Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Tibb Universitetinin Psixiatriya və Ailə təbabəti kafedralarının müdirlərinin rəy və tövsiyələri nəzərə alınaraq, elmi və peşəkar institutlar cəlb olunmaqla həyata keçirilib. O cümlədən təlimçilər üçün təlim materialları hazırlanıb.
2011-ci il noyabrın 14-18-də İSİM-də “İlkin tibbi yardım həkimlərinin psixi sağlamlıq üzrə biliklərinin artırılması” layihəsi çərçivəsində “Psixi pozuntuların tibbi yardım səviyyəsində diaqnostikası və müalicəsi” mövzusunda təlimçilər üçün təlim keçirilib. ÜST-ün texniki dəstəyi və Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu ilə birgə keçirilən təlimdə Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Tibb Universitetinin Psixiatriya və Ailə təbabəti kafedralarının professor-müəllim heyəti, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin və İSİM-in nümayəndələri iştirak ediblər.
Təlim keçmiş təlimçilər ilkin səhiyyə xidməti göstərən həkimlərə və tələbələrə bu modul üzrə təlim keçəcəklər.
Layihə nəticəsində ilkin səhiyyə xidməti səviyyəsində psixi sağlamlıq üzrə xəstələnmə hallarının vaxtında aşkarlanması, onların ağırlıq dərəcəsinin düzgün qiymətləndirilməsi, zəruri müalicənin aparılması və ruhi xəstəlik problemlərilə qarşılaşmış insanların müvafiq müəssisələrə göndərilməsi işinin yaxşılaşması gözlənilir.
LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS:
ƏLAQƏ: