Top menu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS-2011) YENİLƏNİB: 7 FEVRAL 2014

Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) çərçivəsində əhali, sağlamlıq və qidalanma göstəriciləri üzrə məlumatlar toplanılır. Milli səviyyədə keçirilən bu tədqiqat əhali, ev təsərrüfatlarının xüsusiyyətləri, ailə planlaşdırılması, ana və uşaqların sağlamlığı, reproduktiv sağlamlıq, QİÇS və digər cinsi yolla keçən xəstəliklər, qidalanma və təhsil haqqında məlumatlarla təmin edir. 1984-cü ildən bu günə qədər dünyanın 90 ölkəsində 300-dən artıq DSS həyata keçirilib.

Demoqrafiya və Sağlamlıq Sorğusunun ölkədə vaxtaşırı keçirilməsi əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlərin davam etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, habelə bununla bağlı BMT-nin qəbul etdiyi Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün zəruri şərtlərdən biridir.

2011-ci ildə Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusunun həyata keçirilməsi (DSS-2011) Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyinə həvalə edilmişdir.

Səhiyyə Nazirliyinin 8 sentyabr 2010-cu il tarixli 70 nömrəli əmri ilə DSS-2011-in keçirilməsi məqsədilə tədbirlərin əlaqələndirilməsi və icrası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilmiş və bunun üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət tərkibdə İşçi Qrup yaradılmışdır. Həmin İşçi Qrup sorğu vərəqələrinin baxılması və təsdiq edilməsində iştirak etmiş, sorğunun planlaşdırılması və təşkilinə nəzarəti həyata keçirmişdir.

Azərbaycanda ilk belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən keçirilib. 2011-ci ildə Azərbaycanda keçirilmiş DSS 2006-cı ildə istifadə olunmuş metodologiyaya əsaslanmışdır. Bu da sorğunun nəticələrinin keçmiş rəqəmlərlə müqayisəsinin aparılmasına imkan yaradır.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın Tədbirlər Planına (2008-2010-cu illər) əsaslanaraq və BMT-nin Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn, xüsusilə də beş yaşadək uşaq ölümünün azaldılması üzrə vəzifələri nəzərə alaraq 2011-ci ildə həyata keçirilmiş Demoqrafiya və Sağlamlıq Sorğusu əhalinin demoqrafiya və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və təhlili üçün zəruri məlumatların toplanılması məqsədini daşımışdır.

Sorğuda ev təsərrüfatlarının xüsusiyyətləri (cins və yaş tərkibi; içməli su, sanitariya şəraiti, ev təsərrüfatlarının əmlakı), sosial-iqtisadi göstəricilər, antropometriya, təhsil (məktəbəqədər, orta, texniki və ali təhsil səviyyəsi; təhsil əldə etmək imkanları), körpə və 5 yaşadək uşaq ölümü, uşaqların sağlamlığı (peyvəndlə əhatəlilik, uşaq xəstəlikləri) və ana sağlamlığı (doğuşa qədər, doğuş zamanı və doğuşdan sonrakı xidmətlərin əlçatanlığı) barədə məlumatlar toplanılmışdır. O cümlədən gender münasibətləri və qadınların ailədə səlahiyyətləri, fertillik, arzu olunan uşaqların sayı, ailə vəziyyəti, ailə planlaşdırılması, qidalanma (ana südü ilə qidalanma, mikronutriyentlərin istifadəsi və s.), yetkinlik yaşına çatanların sağlamlığı (vərəmlə bağlı bilgilər və yanaşmalar, anemiya, hipertoniya və s.), QİÇS və cinsi yolla keçən xəstəliklərlə (bilik, münasibət və davranış) bağlı suallar da verilmişdir.

Əhatə edilmiş iqtisadi regionlara Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ, Dağlıq Şirvan daxildir.

Seçmə 2009-cu ildə Azərbaycan Respublikasında aparılmış əhalinin siyahıyaalınması əsasında Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilib.

Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilmişdir. Ümumilikdə seçməni 7704 ev təsərrüfatı təşkil etmişdir, bunlarda 9803 nəfər 15-49 yaşlı qadın sorğu üçün münasib kimi müəyyən edilmişdir. Ev təsərrüfatları üzrə cavablandırma əmsalı 94.3%, qadınlar üzrə isə - 95.7% təşkil etmişdir.

Sorğu aləti kimi Ev Təsərrüfatının Sorğu Vərəqəsi və Qadın Sorğu Vərəqəsindən istifadə edilmişdir. Ev Təsərrüfatının Sorğu Vərəqəsinə Ev təsərrüfatının xarakteristikası, 0-5 yaşlı uşaqlarda və 15-49 yaşlı qadınlarda boy, çəki və hemoqlobinin səviyyəsinin ölçülməsi daxildir. Qadın Sorğu Vərəqəsində isə sosial-demoqrafik xüsusiyyətlər, nəsilartırma qabiliyyəti, kontrasepsiya, hamiləlik, doğuşdan sonrakı qulluq, uşağın immunizasiyası və sağlamlığı, uşağın və qadının qidalanması, ailə vəziyyəti, uşaq doğulmasına üstünlük verilməsi, ər haqqında əsas məlumat, qadınların məşğulluq fəaliyyəti, QİÇS və digər cinsi yolla keçən xəstəliklər, sağlamlıq barədə başqa suallar əks olunub.

Sorğunun keçirilməsi üçün İSİM-də intervüyerlərə 2011-ci ilin iyulunda 3 həftəlik təlim keçilib, avqustun 1-dən isə sorğunun səyyar işlərinə başlanılmışdır. Səyyar işlər oktyabr ayının 21-dək davam etmişdir.

Eyni zamanda sentyabrın 12-dən 14-dək İSİM-də DSS üzrə kompüter operatorları üçün təlim keçilmişdir. Kompüter operatorları təlimdən sonra məlumatları elektron bazaya daxil etməyə başlamışlar. Məlumatların daxil edilməsi üçün CSPro proqram təminatında xüsusi formalar yaradılmışdır ki, bu da daxil etmə zamanı təsadüfi səhvlərin qarşısının alınması və qeyri-düzgün məlumatların daxil edilməsinə imkan vermir və operatoru səhv haqqında xəbərdar edirdi. Bu və məlumatların iki dəfə daxil edilməsi (double entry) həmin məlumat bazalarının keyfiyyətini təmin etmək məqsədilə tətbiq edilmişdir.

Bütün sorğu vərəqələri üzrə məlumatlar iki dəfə daxil edildikdən və bazalar yoxlanıldıqdan sonra məlumatların təhlili mərhələsinə başlanılmışdır. Bu məqsədlə İSİM-in bir neçə əməkdaşı Edinburq Universiteti tərəfindən keçirilən epidemiologiyanın əsasları kursunda iştirak etmiş və orada əldə etdikləri bilik və bacarıqları DSS məlumatlarının təhlili üçün tətbiq etmişdir.

Eyni zamanda məlumatların həcmini və statistik hesablamaların mürəkkəbliyini nəzərə alaraq bir sıra xarici ekspertlərin təhlildə iştirakı məqsədəuyğun hesab edilmişdir. Belə ki, Rusiya Federasiyasından Meçnikov adına Şimali-Qərb Dövlət Tibb Universitetinin pedaqoqika, fəlsəfə və hüquq kafedrasının müdiri, Sankt-Peterburq İctimai Səhiyyə İnstitutunun direktoru professor Svyatoslav Plavinski, Böyük Britaniyanın Sautqempton Universitetinin Sosial statistika və demoqrafiya kafedrasının professor köməkçisi (Associate Professor in Demography) doktor Endrü Amos Çennon və müstəqil ekspert-demoqraf Melani Frost DSS-2011 məlumatlarının təhlilində yerli mütəxəssislərlə birgə iştirak etmişlər.

Təhlilin ilkin nəticələri 2013-cü ilin avqustunda Səhiyyə Nazirliyinə təqdim edilmişdir. Həmin ilin dekabr ayında DSS üzrə yekun hesabat İşçi Qrupun üzvlərinə rəy üçün göndərilmiş və İşçi Qrupun növbəti görüşündə müzakirə edilmişdir. Hesabatla bağlı rəylər və təkliflər üzrə iş görülmüş və yekun hesabat təkmilləşdirilmişdir.

7 fevral 2014-cü il tarixdə DSS-2011-in Yekun Hesabatı Demoqrafiya və Sağlamlıq Sorğusuna həsr edilmiş konfrans zamanı ictimaiyyətə təqdim edilmişdir. Konfransda Səhiyyə Nazirliyinin məsul işçiləri, Milli Məclisin üzvləri, müvafiq dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin aidiyyəti nümayəndələri iştirak etmişlər.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Töhfə Cəmilova

ƏLAQƏ: [email protected]