10 APREL 2017
“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusuna start verildi
Azərbaycanda ilk dəfə “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” ilə bağlı sorğuya başlanıldı. Məktəblilərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların səhhətinə zərərli təsir göstərən amillərin aşkar edilməsi məqsədilə aparılan sorğuda şagirdlər 60-dan çox suala cavab verəcəklər. 11-14 apreldə həyata keçirilən pilot layihədə Bakı şəhərində və Xızı rayonunda yerləşən tam orta məktəblərin 5, 7 və 9-cu sinif şagirdlərinin iştirakı nəzərdə tutulub. Sorğunun növbəti mərhələsi 18-21 apreldə Sumqayıt şəhər məktəbliləri arasında keçiriləcək.
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planı”nın 4.2-ci bəndinə əsasən təşkil olunan sorğu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə aparılır.
Ümümdünya Səhiyyə Təşkilatının metodologiyasına uyğun olaraq həyata keçiriləcək sorğuda ümumilikdə 1350 şagirdin qatılması nəzərdə tutulur və layihəyə Azərbaycan bölməsində təhsil alan şagirdlərlə yanaşı, rus bölməsinin şagirdləri də cəlb ediləcəklər. Sorğu tamamlandıqdan sonra aprel ayının axırında əldə edilmiş məlumatlar xüsusi olaraq IBM şirkətinin SPSS kompyuter proqramı vasitəsi ilə təhlil ediləcək və nəticələr əsasında hesabat hazırlanacaq. Sorğunun nəticələri Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, müvafiq dövlət qurumları, mətbuat nümayəndələri, təhsil və səhiyyə mütəxəssislərinin iştirakı ilə bu ilin mayında geniş müzakirə olunacaq, bu istiqamətdə verilən təklif və tövsiyələr nəzərdən keçiriləcək.