9 MART 2017
KİV nümayəndələri Ümumdünya Böyrək Günü ilə bağlı məlumatlandırıldı
Hər il mart ayının ikinci həftəsinin dördüncü günü bütün dünyada “Ümumdünya Böyrək Günü” kimi qeyd olunur. Bu günlə əlaqədar 7 mart 2017-ci il tarixdə akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında ( RKUX) Səhiyyə Nazirliyinin Mətbuat Xidməti və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Ümumdünya Böyrək Günü”nə həsr olunmuş brifinq təşkil olundu.
“2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi üçün “Səhiyyə Nazirliyin Fəaliyyət Planı”na əsasən təşkil olunan tədbirdə media nümayəndələrini xroniki böyrək çatışmazlığı xəstəliyi ilə bağlı Azərbaycanda mövcud olan vəziyyət haqda RKUX-nın hemodializ şöbəsinin müdiri Fariz Babayev tanış etdi. O, xroniki böyrək çatışmazlığı xəstəliyinə düçar olmuş şəxtələrin həyat tərzinin yaxşılaşdırılması,onlara tibbi yardımın daha da təkmilləşdirilməsi, ömürlərinin uzadılması, ölüm hallarının azaldılması, hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verdi. Təbdir zamanı xəstəliyin profilaktikası, erkən aşkarlanmasında ictimaiyyətin maarifləndirilməsi istiqamətində KİV-lərin rolu xüsusi qeyd olundu.
Sonda KİV nümayəndələrinə İSİM tərəfindən xroniki böyrək çatışmazlığı mövzusunda əhalinin maarifləndirilməsi üçün hazırlanmış çap materialları paylanıldı.