28 DEKABR 2016
İSİM-də sağlam qidalanmaya dair aparılmış sorğunun nəticələri ilə bağlı dəyirmi masa keçirildi (FOTO)
27 dekabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) sağlam qidalanmaya dair aparılmış sorğunun nəticələri ilə bağlı dəyirmi masa keçirildi.
Tədbirin məqsədi İSİM tərəfindən 25 tam orta məktəbin şagirdləri və onların valideynləri, müəllimlər və məktəb daxilində fəaliyyət göstərən yeməkxanaların əməkdaşları arasında keçirilmiş sorğunun nəticələrinin ilkin müzakirəsi idi. Tədbirdə iştirakçılar olan Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondu, ATU-nun Qidalanma və kommunal gigiyena kafedrası, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Qızıl Aypara Cəmiyyəti, Valideyn-Müəllim Assosiasiyası və Ümidli Gələcək Gənclər Təşkilatının nümayəndələrinin diqqəti İSİM-in mütəxəssisləri tərəfindən Bakı-Abşeron, Gəncə, Lənkəran, Saatlı, Göyçay, Qax, Quba və Qazax regionlarında aparılan sorğunun nəticələri üzərində cəmləndi.
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın aidiyyəti bəndlərinə əsasən keçirilmiş sorğu sağlam qidalanmaya dair biliklərin qiymətləndirilməsi, habelə məktəblilərin kafeterilərdən ən çox aldıqları və ən çox satılan qida məhsullarının müəyyən edilməsinə yönəlmişdi.
Tədbir iştirakçılarını salamlayan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə məktəb yaşlı uşaqların məktəbdə qidalanması vəziyyətinin öyrənilməsinin əhəmiyyətindən, valideynlərin və məktəb müəllimlərinin buna diqqət ayırmasından söz açdı. O, həmçinin monitorinqin keçirildiyi paytaxt və digər yeddi regionda məktəb yeməkxanalarının şəraiti və imkanları, yeməkxanaların xidmət sahələri, oradakı qida çeşidi və bu qidaların saxlanma qaydalarından bəhs etdi.
Daha sonra sorğunun nəticələri barədə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov təqdimat etdi. N.Seyidov sorğunun mahiyyəti və hansı istiqamətlərdə keçirilməsi haqqında qısa məlumat verdikdən sonra müəllimlər arasında aparılmış sorğuya əsasən şagirdlərin yeməkxanadan yemək almaları, uşaqlar üçün ən vacib qida məhsulları və nəzərdə tutulan nahar fasiləsinin müddəti ilə bağlı geniş məlumat verdi. Təqdimatçı, eyni zamanda, məktəbli uşaqlar arasında aparılan sorğuya əsasən, onların məktəb yeməkxanadan ən çox aldıqları qidaların müəyyən edilməsindən danışdı. N.Seyidov sorğu əsasında, habelə valideynlərin də məktəb yeməkxanaları və uşaqları üçün sağlam qidalanma barədə məlumatlılığı haqqında fikirlərini iştirakçıların diqqətinə çatdırdı. Təqdimatdan sonra tədbir iştirakçıları arasında sorğunun yekunlarına dair fikir mübadiləsi aparıldı və sorğunun müzakirə obyekti olan məktəblilərin qidalanmasının, ümumiyyətlə problemli mövzu olduğu bildirildi. İştirakçılar uşaqlar üçün faydalı qida normativlərinin yaradılması, həm məktəblilər, həm valideynlər, həm də müəllim heyətinin sağlam qidalanma probleminə yanaşma tərzlərinin dəyişməsi üçün İSİM tərəfindən aparılan sorğunun vacibliyini vurğuladılar. Masa iştirakçılarının sorğunun nəticələrinə əsasən şagirdlər arasında sağlam qidalanmaya dair maarifləndirmə işinin səmərəli olması üçün məktəb yeməkxanalarında standartlaşdırılmış sağlam qidalanma posterlərinin olması, Pedaqoji Universitet və Kolleclərdə tələbələr üçün sağlam qidalanmaya kurikulumların keçirilməsi, Uşaq qida Fondunun yaradılması məsələlərinə baxılması və s. kimi önəmli təklifləri oldu.
Qeyd edək ki, bu sorğunun nəticələri hazırda İSİM tərəfindən hazırlanan "Azərbaycanda məktəblilər arasında sağlamlığın təbliğatı ilə bağlı vəziyyətin təhlili"ndə də öz əksini tapacaq. Həmçinin sorğu nəticələrinin gələn ilin yanvar ayında ÜST-nin ekspertlərinin iştirakı ilə İSİM-in məktəblilər arasında sağlamlığın təbliğatına həsr edilmiş tədbirlərində də müzakirəsi gözlənilir.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.