19 DEKABR 2016
İSİM Bilik Fondu ilə birgə paytaxt və regionlardan olan məktəblilərə sağlam həyat tərzinin təbliğatı apardı
16 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində yuxarı sinif şagirdləri və məktəblərin tibb bacılarının iştirakı ilə “Sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici tədbir təşkil olundu. Onlayn formatda olan tədbirdə eyni zamanda Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir, Bərdə, Gəncə, Qəbələ rayonlarında olan məktəblərlə telekörpü yaradıldı. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə həyata keçirdiyi bu təbdiri aparan İSİM-in mütəxəssisi Nabil Seyidov oldu. O, şagirdlər qarşısında “Sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici mühazirə ilə çıxış edərək gənclərə zərərli vərdişlərin sağlamlığa mənfi təsir edən amilləri və onlardan çəkinmə yolları haqqında məlumat verdi.
Mövzu ilə bağlı təqdimatlar edən məruzəçi fiziki aktivliyin və sağlam qidalanmanın gənclərin həyatındakı əhəmiyyətindən, sağlam həyat tərzi sürməyin vacibliyindən, zərərli vərdişlərin insan sağlamlığına olan mənfi təsirlərindən danışdı. Sağlamlığın qorunması üçün maarifləndirmə işinin vacib olduğunu bildirən natiq iştirakçıları maraqlandıran sualları cavablandırdı. Tədbirin mövzusu ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.
Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün, digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədilə təşkil olunmuşdu.