7 DEKABR 2016
Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar (FOTO)
6 dekabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) məktəblilər arasında daha bir Sağlam Qidalanma Forumu keçirdi. Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən forum bu dəfə 2016-cı ilin gənclər paytaxtı olan Gəncə şəhərinin 25 saylı tam orta məktəbində baş tutdu. Forumda Gəncənin 3 məktəbini (№25,№49,№44) təmsil edən şagirdlərə İSİM-in əməkdaşları tərəfindən “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”-nın icrası məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planının aidiyyatı bəndlərinə əsasən sağlam qidalanma, fastfood qida məhsulları, tərkibində doymuş, trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsulları və bunların sağlamlığa təsiri barədə məlumatlar verildi.
Forum iştirakçılarını salamlayaraq çıxış edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə şagirdlərə hər yaş dövründə insan orqanizminin inkişafında və normal sağlam vəziyyətin saxlanılmasında xüsusi əhəmiyyət kəsb edən sağlam qidalanma, sağlam həyat tərzi və fiziki aktivlik haqda danışdı. S.Babazadə bütün sadalananların xüsusi ilə yeniyetmə dövründə qorunmasının vacibliyini vurğuladı.
“Sağlam qidalanan gəncin orqanizmi normal inkişaf etməklə yanaşı (beynin fəaliyyəti, yaddaşın güclənməsi, xəstəliklərə qarşı dözümümlülük) onun həm də, xarici görünüşü gözəl olur. Sağlam qidalanma qaydalarını ona görə təbliğ etmək önəmlidir ki, hər insan düzgün qidalanmada sərbəst seçim edə bilsin. Zərərli qidalar haqda məlumatlı olsun, sağlamlığına zərər yetirməsin”, - deyə S. Babazadə çıxışını yekunlaşdırdı.
Daha sonra, İSİM-in nümayəndələri şagirdlərə interatkiv formatda “Sağlam qidalanmanın xüsusiyyətləri”, “Məhsullar üzərindəki etiketlərin oxunması”, “Zərərli qidalar”, “Vitaminlər və mineralların yeniyetmə orqanizmi üçün vacibliyi”, “Fiziki aktivlik və gənc orqanizm” mövzularında mühazirə xarakterli təqdimatlar verdilər. Şagirdlər tərəfindən böyük maraqla qarşılanan təqdimatlar bitdikdən sonra, sual-cavab mərhələsi baş tutdu. İSİM-in mütəxəssisləri sualları düzgün cavablandıran şagirdlərə hədiyyələr payladılar.
Tədbirin sonunda hər şagirdə xüsusi olaraq İSİM-in forum üçün hazırladığı maarifləndirici materiallar paylanıldı. Xatirə fotoları çəkildi.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.