30 NOYABR 2016
"Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" layihəsi üzrə Texniki Məsləhətçi Qrupun 2-ci iclası keçirildi (FOTO)
30 noyabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Respublikasının tütünlə mübarizəyə aid mövcud qanunvericiliyinin gücləndirilməsi üzrə təkliflərin hazırlanması ilə bağlı növbəti görüş baş tutdu. Xatırladaq ki, ilk görüş sentyabr ayının son günlərinə təsadüf etmişdi. "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" layihəsi üzrə keçirilən birinci görüşdə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərmək və mövcud qanunvericiliyin təhlili üçün Texniki Məsləhətçi Qrup (TMQ) yaradılmışdı. Bu qrup fəaliyyəti, eləcə də “Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası”na dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər vermək, tütünlə mübarizənin gücləndirilməsinə dəstək kampaniyalarında iştirak etmək, qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin görülməsi məqsədini daşıyır.
TMQ-nin hazırkı görüşü “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın 9.2.1.1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının "Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası" maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunlaşdırılması üçün mövcud hüquqi bazanın gücləndirilməsi üzrə təkliflərin hazırlanması istiqamətində ikinci addım oldu.
TMQ-nin birinci görüşündə olduğu kimi, bu görüşdə də Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Azərbaycan Tibb Universiteti, “Gənclərin İnkişafı Naminə” İctimai Birliyi, Ümidli Gələcək Gənclər İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Agentlik), “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “LAYF” Xeyriyyə İctimai Birliyi, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və media vasitələrinin nümayəndələri iştirak etdilər.
Toplantı iştirakçılarını salamlayan İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev tütünlə mübarizənin əhəmiyyətindən bəhs etdi. T. Musayev ikinci iclasın vəzifələri, Azərbaycan Respublikasının tütünlə mübarizə qanunvericiliyinin mövcud hüquqi bazasının gücləndirilməsi, qeyri-səhiyyə sahəsində çalışan şəxslərin, dövlət və qeyri-dövlət qurumlarının tütünlə mübarizədə və tütünün yaratdığı fəsadların aradan qaldırılmasında rolu və qeyri-infeksion xəstəliklərin profilaktikasının təmin edilməsi barədə təkliflərini bildirdi. Daha sonra ətraflı olaraq iştirakçılara sözügedən layihənin 1-ci rübünün nəticələrindən, Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində həyata keçiriləcək fəaliyyətlərdə hökumət və vətəndaş cəmiyyətinin birgə fəaliyyətdən, eləcə də tütün tüstüsündən azad ictimai yerlərin yaradılmasının zəruriliyindən danışdı. TMQ-nin diqqətinə “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə edilməli olan düzəliş və təklifləri nəzərdə tutan təqdimat çatdırıldı.
Dövlət qurumundan nümayəndələrin və ictimai qurumdan olan nümayəndələrin Yeni Qanun layihəsinə düzəliş və təkliflər ətrafında müzakirələrindən sonra İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə layihə çərçivəsində Park Bulvar AVM-də “Tütünsüz dünya yarat” şüarı ilə keçirilmiş aksiyanın yekunlarını təqdim etdi. O, İSİM-in gördüyü işlər çərçivəsində “Like” et – kinoya get!” şüarı ilə başlanmış online-aksiyadan, İSİM-də fəaliyyətə başlamış “Tütünçəkmədən imtina kabineti” və qaynar xətt pilot layihəsi barədə məlumat verdi.
Görüşün yekununda layihənin 2-ci rübünə aid planlar müzakirə olundu və T. Musayev bildirdi ki, bugünkü görüşün davamı olaraq mövzu ətrafında mütəmadi məqsədyönlü görüşlər və tədbirlər təşkil olunacaq və məsələ üzrə bütün aidiyyəti qurumlarla və KİV-lə sıx iş birliyi qurulacaq.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.