24 NOYABR 2016
İSİM məktəblər arasında Sağlam Qidalanma Forumlarına start verdi (FOTO)
24 noyabr 2016-cı il tarixdə məktəblilər arasında Sağlam Qidalanma Forumlarına start verdi. İSİM-in Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi ilk forum Bakı şəhərinin 276 saylı tam ümumtəhsil məktəbində baş tutdu.
Hər yaş dövründə olan insan üçün əhəmiyyət kəsb edən sağlam qidalanma sağlam həyat tərzinin təməlidir. Xüsusi iləyeniyetmə dövründə. Bunu nəzərə alaraq, 3 məktəbdən olan şagirdləri bir araya toplayaraq təşkil olunan maarifləndirimə forumunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları tərəfindən şagirdlərə sağlam qidalanma, fastfood qida məhsulları, tərkibində doymuş, trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsulları və bunların sağlamlığa təsiri barədə məlumatlar verildi.
Forumun açılışını edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə sağlam qidalanmanın şagirdlərin gələcək həyatlarına qatacağı töhfələrdən və sağlam həyat tərzinin əhəmiyyətindən danışdı. “Sağlam qidalanma “qarın doyurmaqdan” daha çox önəm daşıyır. Düzgün qidalandığınız təqdirdə bunun nəticəsi beyninizin fəaliyyətinin, yaddaşınızın güclənməsinin, xəstəliklərə qarşı dözümünüzün artması ilə yanaşı, xarici görünüşünüzdə də öz əksini tapır, istər çəkiniz, istərsə də dəriniz qulluq tələb etmədən təravətini saxlayır. Sağlam qidalanma qaydalarını ona görə təbliğ etmək önəmlidir ki, hər insan düzgün qidalanmada sərbəst seçim edə bilsin”, - deyə S. Babazadəçıxışını yekunlaşdırdı.
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”-nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən baş tutan forumda, həmçinin, Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmə gigiyenası kafedrasının dosenti Şəhla Balayeva məktəblilərə gigiyenik tövsiyələr verdi. Maarifləndirici mühazirə ilə çıxış edən natiq tədbir iştirakçılarına sağlam qidalanmanın xüsusiyyətləri, sağlam həyat tərzi, zərərli vərdişlərin sağlamlığa mənfi təsir edən amilləri və onlardan çəkinmə yolları haqqında məlumat verdi. Forumda iştirak edən digər çıxışçı Azərbaycan Diabet Liqasının (ADL) sədri Yeganə Sultanova tədbir zamanı uşaqları şəkərli diabet xəstəliyi barədə, fiziki aktivliyin cavanların həyat tərzində, onların sağlamlıqlarının qorunmasında mühüm rol oynamasından danışdı.
Rəsmi hissədən sonra İSİM-in nümayəndələri şagirdləri komandalara bölərək onlarla ayrı-ayrılıqda sağlam qidalanmanın xüsusiyyətləri, məhsulların üzərindəki etiketlərin oxunması, zərərli qidalar, vitaminlər və mineralların yeniyetmə orqanizmi üçün vacibliyi, fiziki aktivlik haqqında məlumatlar verdilər. Hər şagirdə xüsusi olaraq İSİM-in forum üçün hazırladığı maarifləndirici materiallar hədiyyə olundu. Daha sonra aldıqları məlumatlar əsasında sual-cavab edərək sualları düzgün cavablandırılan şagirdlərə hədiyyələr paylanıldı. Xatirə fotoları çəkildi.
Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbirin Gəncə şəhərində keçiriləcəyi planlanır.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.