31 OKTYABR 2016
Buxarestdə “Səhiyyədə informasiya və səhiyyə siyasətinin formalaşdırılmasına dair Payız Məktəbi” öz işinə başladı
2016-cı ilin 24-29 oktyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin təşkilatçılığı ilə “Səhiyyədə informasiya və səhiyyə siyasətinin formalaşdırılmasına dair Payız Məktəbi” öz işinə başladı.
Hər il keçirilən təlim kursunun növbəti beş gün ərzində ictimai səhiyyə sahəsində aparılan monitorinq və təhlillər müzakirə olundu. Kursun əsas məqsədi səhiyyənin informasiyalaşdırılması, səhiyyə problemlərinin həllində həmin məlumatların istifadəsi sahəsində Avropa regionu ölkələrinin səhiyyə qurumlarının kadr potensialının gücləndirilməsi idi. Kurs əsasən səhiyyəyə dair məlumatların təhlili, səhiyyə siyasətinin formalaşdırılması və icrası sahəsində çalışan, əhalinin sağlamlığı sahəsində statistik məlumatlarla işləyən, araşdırmaların aparılması ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdu. Qeyd edək ki, Azərbaycanı Payız Məktəbində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəhbər işçiləri – İSİM-in direktorun birinci müavini Rauf Məmmədov və Monitorinq və təhlil şöbəsinin müdiri Qəhraman Haqverdiyev təmsil etdilər.
Əhalinin sağlamlığının yaxşılaşdırılmasını nəzərdə tutan təlim kursunda “Sağlamlıq-2020” adlı yeni Avropa regional siyasəti, səhiyyənin informasiyalaşdırılması və Avropa regionunda səhiyyənin əsas indikatorları əsasında ölkələrarası müqayisəli təhlili müzakirə olundu. Payız Məktəbinin “Sağlamlıq siyasəti-2020” sənədində yer almış müddəaların məqsədli hədəflərinə və göstəricilərin təhlilinə və müzakirəsinə xüsusi diqqət ayrılmışdı. Kurs mühazirələr, fərdi və qrup şəkilində olan məşğələlərdən ibarət idi. Təlim iştirakçılarının hər biri öz ölkəsinin məlumatlarından istifadə edərək məlumatların alınmasından tutmuş, “Sağlamlıq-2020”-nin göstəricilərinə uyğun olan şəkildə tövsiyələrin verilməsinə qədər zənçirvari araşdırmalar apardılar.
Təlimlər zamanı onlar ictimai səhiyyənin və “Sağlamlıq-2020”-nin göstəricilərinə, və monitorinqin aparılma qaydalarına nəzər yetirdilər. Həmçinin ÜST-nin məlumat bazasından və Avropa səhiyyə portalından istifadə qaydalarını öyrəndilər.
Təlimin sonunda hər bir ölkəyə öz səhiyyə siyasəti səviyyəsində informasiya sistemlərinin təkmilləşdirilməsi məqsədi ilə ideyalar təklif olundu və onların həll yolları barədə müzakirələr aparıldı.