25 OKTYABR 2016
İSİM-də tütündən imtina kabinetin təşkili və tütünçəkmənin dayandırılması üzrə tibbi məsləhət xidmətinin göstərilməsi mövzusunda təlim keçirildi
Bu yaxınlarda İSİM-in poliklinikasının nəzdində fəaliyyətə başlayacaq Tütündən imtina kabinetin təşkili və tütünçəkmənin dayandırılması üzrə tibbi məsləhət xidmətinin göstərilməsi istiqamətində daha bir tədbir keçirildi. 25 oktyabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) şəhər poliklinikalarından olan sahə həkimləri, terapevtlər, kardioloqlar, İSİM-in Ambulator şöbəsinin həkimləri mövzu ilə əlaqədar tədbirə qatıldılar. Təlimin aparıcıları İSİM-in həkim-metodistləri Şəhla Mirzəzadə və İradə Abasova təlim iştirakçılarına tütünçəkmə nəticəsində insan orqanizminə vurulan ziyandan, tütün tüstüsünün təsiri altında yaranan xəstəliklərdən, asılılıq sindromundan, müalicə və siqareti tərgitməyə dair motivasıya üsullarından həkimlərə ətraflı olaraq təqdimatlar etdilər.
Təlim zamanı tədbir iştirakçıların tütündən imtina üzrə beynəlxalq təcrübəyə əyani olaraq bələd olması üçün texniki vasitələrdən istifadə edərək Rusiya Federasiyasının Sankt-Peterburq Ftiziopulmonoloqiya ETİ-nin nəzdində fəaliyyət göstərən Tütündən imtina üzrə Konsultativ telefon yardımı mərkəzinin rəhbəri Olqa Suxovskaya ilə telekörpü yaradıldı.
Yarım saat ərsində öz mərkəzləri haqda ətraflı məlumat verən O.Suxovskaya tütündən imtinada telefon vasitəsiylə verilən tibbi konsultasiyaların rolundan, Rusiyanın siqaret çəkən əhalinin sayının azaldılması məqsədiylə qaynar xəttə müraciət edənlərə tütünün insanın sağlamlığına olan təsiri haqda məlumatların verilməsindən, tütündən imtina üzrə effektiv metodlardan , motivasiyanın gücləndirilməsinin vacibliyindən danışdı. Mərkəzin rəhbəri İSİM-də yaradılacaq tütündən imtina kabinetinin fəaliyyətində uğurlar arzuladı.
Qeyd edək ki, bu mövzu üzrə birinci təlim 14 oktyabr tarixində gələn ayın birindən İSİM-də Ambulator şöbəsinin nəzdində yaradılacaq tütündən imtina üzrə tibbi məsləhət kabinetində fəaliyyət göstərəcək həkimlər üçün təşkil olunmuşdu. Təlim tütündən imtina kabinetin fəaliyyətinin istiqamətləndirmək məqsədiylə xüsusi olaraq İSİM-də yaradılmış metodik təlimatlar əsasında cəmləndi.