18 OKTYABR 2016
İSİM “ASAN könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi ilə memorandum imzaladı
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ictimai səhiyyə sahəsində əhalinin maarifləndirilməsi işini vacib sayaraq bu istiqamətdə daima yeni-yeni addımlar atmağa çalışır. Bu gün də,18 oktyabr 2016-cı il tarixdə belə addımlardan biri atıldı – İSİM-lə "ASAN könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalandı.
Hər iki tərəfin rəhbərliyinin imza atdığı Saziş ölkə əhalisinin tibbi-sanitar maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində qarşılıqlı əməkdaşlıq cəhdlərini dəstəkləmək və bu əməkdaşlığı inkişaf etdirmək məqsədini daşıyır.
Memoranduma əsasən Azərbaycan gəncləri arasında sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərin aradan qaldırılması, gənclər də daxil olmaqla əhalinin müxtəlif təbəqələri arasında sanitar-maarif işinin təşkili məsələsində hər iki tərəf öz səylərinin göstərəcək. Bundan sonra əhalinin sağlamlığının qorunması, xüsusilə də, tütünçəkmə, spirtli içkilərdən istifadə və narkomaniya ilə mübarizə, habelə məişət zorakılığının profilaktikası məqsədilə birgə tədbirlərin və kampaniyaların təşkilində əlbir olacaqlar. Gənclər arasında fiziki aktivliyin və idmanın geniş təbliğinə xüsusi yer ayrılmış memorandumda dövlət proqramları və milli fəaliyyət planlarında uyğun olaraq qarşılıqlı maraq kəsb edən və ictimai sağlamlıqla bağlı fəaliyyətlərdə gənclərin iştirakının təmin edilməsi kimi məsələlər əməkdaşlığın əsas predmentlərindəndir.
İSİM-in adından qonaqları salamlayan mərkəzin direktoru Ceyhun Məmmədov ilk olaraq tədbir iştirakçılarını Dövlət Müstəgilliyi günü münasıbətiylə təbrik etdi və ölkəmizin davamlı inkişafında gənclərin rolunun böyük olduğunu xüsusi olaraq qeyd etdi. C.Məmmədov ictimai maarifləndirmə işində daima gənclərin səsinə, dəstəyinə böyük ehtiyac olduğunu birdirdi və bu gün təməli qoyulan əməkdaşlıqdan məmnun olduğunu, memorandum nəticəsində həyata keçiriləcək maarifləndirmə işinin daha da səmərəli olacağına əminliyini vurğuladı.
"ASAN könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Bəxtiyar İslamov bu əlamətdar gündə İSİM-ə dəvət olunduqlarına görə İSİM-in rəhbərliyinə təşəkkür etdi, birgə işbirliyi nəticəsində əhalinin maarifləndirilməsində olan boşluqları aradan qaldırmağa nail olunacağına ümidvar olduğunu bildirdi.