25 AVQUST 2016
İSİM-in əməkdaşları ÜST-nin Bişkek şəhərində keçirilən müşavirəsində iştirak etdilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Qırğızıstanın paytaxtı Bişkek şəhərində 2016-cı ilin 23-25 avqust tarixlərində "Məktəb sağlamlığı və Qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikası” mövzusunda ölkələrarası müşavirə keçirildi.
Müşavirədə Azərbaycanı Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdilər.
Üç gün davam edən tədbirdə iştirakçılara QİX-lə mübarizə çərçivəsində məktəb sağlamlığı və məktəblərdə sağlamlığın təşviqi ətrafında beynəlxalq təcrübəyə və sübutlara əsaslanan faydalı məlumatlar təqdim edildi. İştirahdskçılar mövzu ilə bağlı ölkələrində həyata keçirilən tədbirlərdən söz açaraq təcrübələrini bölüşdülər. Eyni zamanda QİX və onun risk faktorlarının qarşısının alınması məqsədilə bütün məktəblərdə lazım olan şəraitin yaradılması, vacib olan tədbirlərin həyata keçirilməsi və ortaya çıxan çətinliklərin aradan qaldırılması yolları müzakirə olundu.
İSİM-in əməkdaşları müşavirədə, məktəbləri sağlamlığa təşviq etmək məqsədilə ölkəmizdə uğurla həyata keçirilən "Sağlam Təhsil - Sağlam Millət" layihəsi haqda tədbir iştirakçılarını məlumatlandırdılar və layihə çərçivəsində əldə edilmiş müsbət nəticələri qeyd etdilər.
Tədbirin sonunda ÜST-nin məktəb sağlamlığı ilə bağlı planlaşdırılan gələcək addımlarının açıqlanması iştirakçılar tərəfindən maraqla qarşılandı.