20 İYUN 2016
17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə İSİM-də tədbir keçirildi
2016-cı il iyunun 17-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirildi. Bu bayram Azərbaycanda 1918-ci il iyunun 17-də ilk dəfə Səhiyyə Nazirliyinin yarandığı tarixlə bağlı olaraq, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən ənənəvi olaraq bütün ölkə miqyasında qeyd olunur.
Tədbir iştirakçılarını Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edən İSİM-in direktoru Ceyhun Məmmədov son illərdə öz inkişaf dövrünü yaşayan ölkə səhiyyəsinin nailiyyətlərindən söhbət açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısı nəticəsində nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzlərinin yaradılmasını, köhnə tibb ocaqlarının təmir olunaraq müasir avadanlıqlarla təmin edilməsini vurğulayan direktor tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açıldığını bildirdi. O, Azərbaycanda əhalinin sağlamlığının qorunması üzrə dayanmadan fəaliyyət göstərən İSİM-in də bu uğurlardan yan keçmədiyini vurğuladı. C.Məmmədov dedi ki, İSİM-də işlənilib hazırlanmış Qeyri-infeksion xəstəliklərə qarşı mübarizə üzrə Strategiya, Psixi sağlamlıq sahəsində Milli Strategiya, Regionlaşdırma prinsipi əsasında perinatal yardımın islahatı Konsepsiyası və digər strateji sənədlər dövlət əhəmiyyətinə malikdir. Son illər ərzində İSİM tərəfindən əhali arasında səhiyyənin ən aktual problemləri üzrə maarifləndirici layihələrin həyata keçirilməsini, 30-dan çox araşdırma və sorğunun aparılmasını, ölkənin bütün tibb ocaqlarında stolüstü vəsait kimi istifadə olunan, sübutlu təbabətə əsaslanan 90-dan artıq klinik protokolun hazırlanmasını qeyd edən C.Məmmədov bunları İSİM üçün fərəhləndirici hal kimi qiymətləndirdi.
İSİM-in Həmkarlar İttifaqı Komitəsinin sədri Aris Rüstəmov çıxışında həmkarlarını peşə bayramı münasibətilə təbrik edərək, Ulu Öndər Heydər Əliyevin səhiyyəmizin inkişafı ilə bağlı tarixi xidmətlərindən danışdı, hazırda bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açdı.
İSİM-in bütün həkim personalı adından çıxış edən İSİM-in Ambulator şöbəsinin müdiri Tamilla Əliyeva və Lahiyələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə İSİM-də yaradılmış şəraitə görə rəhbərliyə bütün əməkdaşlar adından təşəkkürlərini bildirdilər, həkim həmkarlarına işlərində müvəffəqiyyətlər arzuladılar və İSİM-in daim uğurlara addımlayacağını bildirdilər.
Tədbirin yekununda İSİM-in əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş aşağıda adları sadalanan işçiləri “Fəxri Fərman”la təltif edildilər:
1. Rauf Müslümoviç Məmmədov – direktorun birinci müavini;
2. Ofeliya Məmmədəli qızı Hüseynova – Ambulator şöbənin həkim mama-ginekoloqu;
3. Aynurə Elman qızı Rəşidova – Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri.
İSİM-in əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş aşağıda adları çəkilən digər işçilərinə isə "Təşəkkürnanmə" təqdim edildi:
1. Validə Turqut qızı Ələkbərova – Ambulator şöbənin həkim-terapevti;
2. Nərgiz Kərim qızı Kərimova – Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin həkim-metodisti;
3. Rüfət Cahid oğlu Rəhimov – Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin həkim-metodisti;
4. Kəmalə Tofiq qızı Məmmədova – İSİM-in mühasibi;
5. Cəmilə Məmmədkərim qızı Kərimova – Təlim-resurs şöbəsinin meneceri;
6. Əzizə Baba qızı Abuşova – Ambulator şöbənin təsərrüfat bacısı.
Bununla yanaşı əlamətdar gündə İSİM-in Təsərrüfat şöbəsinin rəisi Anatoliy Bəhram oğlu Danyarov və Ambulator şöbəsinin baş tibb bacısı Leyla Muqbil qızı Zeynalova səhiyyə sistemində çoxillik səmərəli əmək fəaliyyətləri münasibətilə “Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Şurasının Fəxri Fərman”ı ilə təltif olundular.
Tədbirin sonunda İSİM-in direktoru kollektivi bir daha təbrik edərək bu şərəfli işdə onlara uğurlar arzuladı.