• İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər
  • İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir
  • İSİM-in nümayəndələri “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı” layihəsi çərçivəsində növbəti seminarda iştirak edirlər
  • İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!
  • Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” şəbəkəsinə üzvlük haqqı qazandı

XƏBƏRLƏR bütün xəbərlər

20 APREL 2016

“Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!” şüarı altında gənclərin növbəti sağlamlıq festivalı keçirildi (FOTO)

“6 aprel – Ümumdünya Fiziki Aktivlik Günü” münasibətilə 2013-2015-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Nərimanov, Binəqədi, Xəzər rayonlarında keçirilmiş gənclərin sağlamlıq festivalı ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu aksiyaların keçirilməsində məqsəd ictimaiyyət, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliğ və təşviqi olub.

Gənclərin növbəti sağlamlıq festivalı “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən 2016-cı il aprelin 20-də Suraxanı rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!” şüarı altında keçirildi. 2016-cı il "7 aprel Ümumdünya Sağlamlıq Günü" mövzusunun şəkərli diabetlə mübarizəyə həsr olunmasını nəzərə alaraq, festivalda “Fiziki aktivliyi seç, diabeti ötüb keç!” şüarı altında diabetlə mübarizədə fiziki aktivliyin vacibliyi də önə çəkildi.

Gənclərin sağlamlıq festivalının təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Suraxanı Rayon İcra Hakimiyyəti, İSİM, Ümumdünya Səhiyyə Təşkilatı və “İnkişaf Naminə İdman” İctimai Birliyidir. Sağlamlıq festivalının məqsədi məhz əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.

Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş festivala musiqi ilə başlanıldı. Bu müddət ərzində parkın bir neçə yerində Suraxanı rayonu üzrə müxtəlif idman bölmələri fəaliyyətə başlayacaq və nümunəvi çıxışlar göstərdilər. İdman bölmələrində fəaliyyət göstərən məşqçi-təlimatçılar musiqi sədaları altında tədbir yerinə təşrif buyuran ailələr və uşaqları da bu fəaliyyətlərə qatılmağa dəvət etdilər. Təklif edilən idman növlərinə yüngül atletika, karate, akrobatika, basketbol, futbol daxil idi. Maraqlı əyləncəli idman fəaliyyətlərindən biri də parkın görüntülü yerində quraşdırılmış üfürülmə idman qurğusundakı yarışlar oldu.

Sağlamlıq festivalının idman və bədii hissəsində ruhlandırıcı musiqi nömrəsindən sonra şən və mütəhərrik oyunlardan ibarət olan estafet yarışında Suraxanı rayonunun 34 ümumtəhsil məktəbinin şagirdləri arasında keçirilən “Şən startlar” yarışmasının final mərhələsi izlənildi. Hər komandaya şagird və müəllim heyətindən ibarət azarkeş kütləsi dəstək verdi. Komandaların xalı hesablanarkən Kapoeyra üzrə gənc idmançılar musiqili idman nömrəsi ilə çıxış etdilər, həmçinin Zumba rəqsləri oldu. Nəticələrin təhlili və qaliblər müəyyən olunana qədər aparıcılar bədii özfəaliyyət qruplarına yaxınlaşıb onların əl işi ilə maraqlandılar və uşaqların təsvir etdikləri sənət işləri haqqında qısa müsahibə (dialoq) quruldu, uşaqların həm də idmana münasibəti öyrənildi. Rəsm müsabiqəsində Suraxanı rayon Gənclər Evinin Rəsm Dərnəyinin üzvləri də iştirak etdilər.

Tədbirin rəsmi hissəsində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxış edərək diqqəti keçirilən tədbirin əhəmiyyətinə çəkdilər: “Bu festival gənclərin sağlam gələcəyinin təmin edilməsində müsbət rola malikdir. Sizə dəstək olaraq biz də buradayıq. Arzu edirik ki, sağlam və güclü idmançı olub gələcəkdə Azərbaycan bayrağını yüksəklərə qaldırasanız!”

Çıxışlardan sonra musiqi nömrəsi oldu, müsabiqələrdə iştirak edən bütün məktəb şagirdləri sertifikat və medallarla təltif olundular, 1, 2, 3-cü yerləri tutan məktəblər isə diplom, sertifikat, kubok və başqa hədiyyələrlə mükafatlandırıldılar. Sağlamlıq festivalı çərçivəsində həmçinin əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı. Sağlamlıq festivalına şux və oynaq musiqi nömrələri ilə yekun vuruldu. Kütləvi informasiya vasitələrinin işıqlandırdığı festival ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.