19 APREL 2016
Azərbaycanda Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı keçirilir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyi ilə dünyanın bir çox ölkələrində keçirilən Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) Azərbaycanda ikinci dəfə bu il reallaşdırılır.
Bu tədqiqatın ölkəmizdə həyata keçirilməsi məqsədilə 2015-ci ildə layihə üzrə hazırlıq işlərinə başlanılıb. Vahid metodologiyaya əsaslanan tədqiqat çərçivəsində Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən CDC-nin seçdiyi 25 məktəbin 13-15 yaşlı şagirdləri arasında sorğu aparılır. Sorğu 2016-cı il aprelin 12-dən başlayaraq, Bakı və Sumqayıtda keçirilir, mayın 2-dən etibarən isə sorğunun regionlarda davam etdirilməsi planlaşdırılır.
Sorğuda tütündən istifadə ilə bağlı müxtəlif məlumatlar toplanılır. Suallar siqaretçəkmə, tütünlə bağlı bilik və yanaşma, siqaret çəkməkdən imtina, ətrafdakıların siqaret çəkməsi, tütünlə əlaqəli media və reklam haqqındadır. Sorğu zamanı anonimlik, sorğunun nəticələrinin konfidensiallığı təmin edilir. Aparılan sorğu ilə yanaşı, seçilmiş məktəblərdə tütünlə mübarizəyə dair maarifləndirici görüşlərin keçirilməsi planlaşdırılır.
Toplanılmış məlumatlar əsasında ölkə üzrə İnformasiya Bülleteninin və tədqiqata dair yekun hesabatın hazırlanması və ictimaiyyətə çatdırılması nəzərdə tutulur.
GYTS tədqiqatı Azərbaycanda ilk dəfə İSİM tərəfindən 2012-ci ildə reallaşdırılıb.