“Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

11 MART 2016

“Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirildi (FOTO)

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbir 2016-cı il martın 11-də əhali arasında talassemiyanın profilaktikasının təbliği məqsədilə Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirildi. “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda keçirilən tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İSİM və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olundu. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın və “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədilə keçirilən tədbirdə rayon icra hakimiyyətlərinin nümayəndələri, sosial tədqiqatçılar, səhiyyə üzrə mütəxəssislər, həkimlər, məktəb psixoloqları iştirak etdilər.

Giriş sözü ilə çıxış edən Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycanın talassemiyanın geniş yayıldığı ölkələr sırasında olduğunu nəzərə çatdırdı. Ölkəmizdə uşaqların icbari dispanserizasiyası, qan donorluğunun inkişafı, irsi qan xəstəlikləri ilə mübarizə istiqamətində görülmüş işlərdən danışaraq son illər respublikamızda qan xəstəliklərinin müalicəsi ilə bağlı ciddi addımların atıldığını, bu xəstəliklərdən əziyyət çəkənlərin müayinə və müalicəsinə diqqətin artırıldığını vurğuladı: “Bu xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti səhiyyənin inkişafına olduqca diqqət yetirir. Hər il Bakıda və regionlarda çoxsaylı yeni tibb müəssisələri inşa olunur, onlar ən yeni tibbi avadanlıqlarla təchiz edilir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu problemin belə ciddi xarakter daşıdığını nəzərə alaraq, talassemiyalı uşaqlara xüsusi diqqət göstərib. Azərbaycanın birinci xanımının şəxsi təşəbbüsü ilə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 2005-ci ildən Heydər Əliyev Fondu tərəfindən “Talassemiyasız həyat naminə” proqramına başlanılıb və ölkədə talassemiyaya qarşı mübarizə sahəsində xeyli işlər görülüb.”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadın, ailə və uşaq siyasəti sahəsində əldə edilən nailiyyətlərdən danışdı, şəhər və rayonlarda gender bərabərliyinin təmin edilməsi, insan alveri, narkomaniya, məişət zorakılığı, erkən nikah və selektiv abortlarla mübarizə, uşaqların təhsildən yayınması və digər sahələr üzrə müxtəlif qurumlarla birgə genişmiqyaslı maarifləndirici tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı, bu maarifləndirmə tədbirinin təşkilində yaxından iştirak edən qurumlara, o cümlədən İSİM-ə öz minnətdarlığını bildirdi. Sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, ana və uşaq sağlamlığı, irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə ölkə səhiyyəsində bir sıra islahatların aparıldığını vurğuladı.

Milli Məclisin deputatı Aydın Hüseynov irsi qan xəstələrinin hüquq və vəzifələrindən, eləcə də dövlətin üzərinə düşən vəzifələrdən söhbət açaraq bildirdi ki, müvafiq dövlət proqramlarının həyata keçirilməsi bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunduğunu, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldığını nəzərə çatdırdı. İrsi qan xəstəliklərinin qarşısının alınmasında profilaktik və maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayan S.Babazadə bildirdi ki, “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəldilib. Dövlət Proqramının məqsədi Azərbaycanda talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir. Məruzəçi İSİM tərəfindən aparılan tədbirlərə nəzər saldı: “Uşaq və valideynlər arasında sağlamlıq və səhiyyə xidmətləri barədə məlumatlılığın artırılması, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması məqsədilə bir sıra tədbirlərin keçirilməsi zəruridir. İSİM tərəfindən də mütəmadi olaraq, ictimai səhiyyənin müxtəlif istiqamətləri üzrə maarifləndirmə materialları hazırlanaraq ən geniş əhali auditoriyalarında paylanılır.”

“Qan və qan donorluğu”, “İcbari dispanserizasiya” mövzularında təqdimat edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Şəhla Mirzəzadə talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olmasının olduqca vacibliyindən bəhs etdi. Həmçinin talassemiyadan əziyyət çəkən insanlara dəstək olmaq üçün Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafı sahəsində həyata keçirilən fəaliyyətə nəzər saldı.

Tədbirdə digər iştirakçı təşkilatların nümayəndələri də aidiyyəti mövzular üzrə təqdimatlar etdilər. Təqdimatlarda bildirildi ki, hər il respublikada 300-ə yaxın uşaq xəstə valideynlərdən uşaqlara gen vasitəsilə ötürülən ağır irsi qan xəstəliyi olan talassemiya ilə doğulur. Həmçinin diqqətə çatdırıldı ki, uzun illər xəstəliyin diaqnozunun vaxtında qoyulmaması və bunun nəticəsində lazımi müalicənin aparılmaması, eləcə də müalicənin keyfiyyət səviyyəsinin aşağı olması səbəbindən xəstələrin bəziləri erkən yaşlarında dünyasını dəyişir, əksəriyyəti isə tam dəyərli həyat sürə və cəmiyyətə inteqrasiya ola bilmirdi. Amma son 10 ildə bu sahədə maarifləndirmə işinin gücləndirilməsi sahəsində əhalinin xəstəliyin müayinəsi ilə bağlı müraciətlərinin çoxalması və nəticədə talassemiya hallarının artması müşahidə olunub. Həmin xəstələrə tibbi yardımın gücləndirilməsi məqsədi ilə Azərbaycanın 8 bölgəsində qan bankı bölmələri və hematoloji kabinetlər yaradılıb. Hazırda ölkədə talassemiyanın yayılmasının qarşısının alınması məqsədilə əhalinin maarifləndirilməsi və prenatal diaqnostika üsulu vasitəsilə xəstəliyin proqnozlaşdırılması (xüsusilə bu, yeni ailələrə aiddir) üzrə fəaliyyət aparılır.

Tədbirin sonunda İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı. Tədbir çərçivəsində Lökbatan qəsəbəsindəki 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində könüllü qanvermə aksiyası da keçirildi. Rayon sakinləri aksiyada yüksək fəallıq göstərdilər.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.