27 YANVAR 2016
Azərbaycan Respublikasında yeni diridoğulma meyarlarına keçidlə bağlı jurnalistlər üçün brifinq keçirildi (FOTO)
2015-ci il yanvarın 1-dən Azərbaycan Respublikasında yeni diridoğulma meyarlarının tətbiqinə başlanılıb. Yeni diridoğulma meyarlarının müvəffəqiyyətlə tətbiqi üçün aidiyyəti tibb müəssisələri, maraqlı və qərar qəbul edən strukturlar məlumatlı olmalı, müvafiq dəstəyi göstərməlidirlər. Bu çətin, məsuliyyətli, şərəfli işin təşkili və icrasında yalnız səhiyyə qurumlarının deyil, digər sektorların, o cümlədən kütləvi informasiya vasitələrinin birgə səyləri vacibdir. Bu məqsədlə 2016-cı il yanvarın 27-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirildi. Brifinqin vəzifəsi Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, BMT-nin Uşaq Fondu (UNICEF) və İSİM-in mütəxəssisləri tərəfindən mövzu ətrafında təqdimatların edilməsi və jurnalistləri maraqlandıran sualların cavablandırılması idi. Brifinqdə kütləvi informasiya vasitələrindən Azərbaycan Dövlət İnformasiya Agentliyi – AzərTAc, Azəri-Press Agentliyi (APA), “SalamNews” İnformasiya Agentliyi, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi, “lent.az”, “AzVision.az” internet saytları, “Xəzər”, “ATV” və “CBC” telekanallarının nümayəndələri iştirak etdilər.
Giriş sözü ilə çıxış edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə brifinqin “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına və Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi arasında imzalanmış birgə Fəaliyyət Planına müvafiq olaraq keçirildiyini nəzərə çatdırdı. S.Babazadə ana və uşaq sağlamlığının qorunması istiqamətində İSİM tərəfindən aparılan tədbirlərdən söhbət açdı: “İctimai maarifləndirmə işləri aparılır, mövzu ilə əlaqədar maarifləndirmə materialları hazırlanır. Diridoğulmanın beynəlxalq meyarlarına keçidlə bağlı tədbirlər çərçivəsində ali təhsil müəssisələrində tələbə heyəti, qadın məsləhətxanalarının həkimləri və hamilə qadınlar ilə İSİM-in həkim və kommunikasiya mütəxəssislərinin görüşləri keçirilib.”
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Azərbaycan Respublikasında yeni diridoğulma meyarlarına keçidlə bağlı həyata keçirilmiş tədbirlərə, bu istiqamətdə əhalinin bilməsi vacib olan məqamlara diqqəti çəkdi. Vurğuladı ki, Azərbaycanda səhiyyə xidmətlərinin inkişafı, tibb müəssisələrinin yeni avadanlıqlarla təchiz edilməsi, tibb işçiləri tərəfindən müasir texnologiyaların mənimsənilməsi, perinatal mərkəzlərin yaradılması doğuşayardım xidmətlərinin gücləndirilməsinə şərait yaradıb. Bu da ölkədə çox az çəkili yenidoğulmuşların yaşamasına ümid verir.
Yenidoğulmuşlara yardım mexanizmi və qulluqla bağlı yeni yanaşmaların tətbiqi barədə Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov məruzə etdi. R.Hüseynov ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi perinatal konsepsiyanın vacib əhəmiyyət daşıdığını bildirdi. Nəzərə çatdırdı ki, ölkəmizdə həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova Yenidoğulmuşlara qulluğun göstərilməsi sahəsində elmi-tədqiqat işlərinin aparılması və əldə edilmiş nailiyyətlərdən söhbət açdı: “Aparıcı mütəxəssislər hesab edirlər ki, vaxtından əvvəl doğulmuşlara ucuz, lakin yoxlanılmış, etibarlı qulluq metodları sayəsində inkişaf edən ölkələrdə belə uşaqların ən azı dörddə üçünü xilas etmək olar.”
Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyasının sədri Leyla Rzaquliyeva erkən doğuşun qarşısının alınmasında əhalinin, xüsusilə qadınların maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırdı. O, bu sahədə medianın da xüsusi rolunu vurğuladı.
BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov ana və uşaq sağlamlığının qorunmasında əhalinin məlumatlılıq dərəcəsinin artırılmasının vacibliyini qeyd etdi: “İnsan həyatında hər bir dövrün öz əhəmiyyəti vardır. Hər qadın öz sağlamlığını qorumalıdır ki, dünyaya gələcək körpə də sağlam olsun.”
Brifinq sayəsində media nümayəndələri ana və uşaqların sağlamlığının qorunması, vaxtından əvvəl doğuşların qarşısının alınması üçün reproduktiv yaşda olan qadınların diqqət yetirməli olduqları vacib məqamlar barədə məlumatlı oldular. Bu, onların ictimaiyyətə çatdıracaqları mesajların müəyyən edilməsinə öz müsbət təsirini göstərmiş olacaq.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.