30 NOYABR 2015
Neonatal qayğı üzrə təlimçilər üçün təkmilləşdirmə təliminə başlanıldı
2015-ci il noyabrın 30-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Neonatal qayğı üzrə təlimçilər üçün təkmilləşdirmə təliminə başlanıldı. Təlim antenatal yardım xidməti göstərən tibb müəssisələrinin 20 aparıcı neonatoloqu üçün beynəlxalq mütəxəssislər tərəfindən keçirilir.
Təlimdə neonatologiyada istifadə edilən yeni texnologiyalara və yenidoğulmuşlarda tez-tez rast gəlinən xəstəliklərin, xüsusilə də təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatlar və onların simulyasiyalar zamanı təcrübədə tətbiqi öyrədiləcək.
Təlimi ABŞ-dan xüsusi dəvət olunmuş mütəxəssislər Skott Qatri və Meri Li Lemley aparırlar. Prof. Skott Qatri ABŞ-ın Tennessi ştatının Neşvill şəhərinin Vanderbilt Universitetində neonatologiya üzrə klinik dosent vəzifəsində çalışır. Dr. Meri Li Lemley isə ABŞ-ın Vanderbilt Universitetinin regional pedaqoqu kimi fəaliyyət göstərir və yenidoğulmuşların intensiv terapiyası üzrə təlimlərin keçirilməsində çoxillik təcrübəyə malikdir. Hər iki təlimçi Vanderbilt Universitetinin Uşaq Xəstəxanasının neonatal reanimasiya şöbəsində işləyir.
“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının 3.2-ci bəndinə əsasən keçirilən təlim dekabrın 4-dək davam edəcək.