13 NOYABR 2015
“14 noyabr – Ümumdünya Diabet Günü” ilə bağlı tədbirlər keçirilir (FOTO)
Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.
Dünyanın bir çox ölkələrində diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır.
Respublikamızda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. Belə ki, respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problemi aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi enib.
Fəaliyyətin davamı kimi, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına (2011-2015-ci illər) əsasən tədbirlərə başlanıldı. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinoloji Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycan Diabet Liqası və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə qeyri-infeksion xəstəliklərin risk faktorları olan tütünçəkmə, piylənmə, yüksək qan təzyiqi, qeyri-sağlam qidalanma tərzi, fiziki aktivliyin olmaması ilə mübarizə və bu sahədə maarifləndirmə işləri aparılır.
2015-ci il noyabrın 13-də “Park Bulvar” AVM-də “Gəlin, sağlam qidalanmanı imtiyaz kimi yox, haqq kimi qəbul edək. Sabahı dəyişmək üçün bu gün hərəkətə keçək!” şüarı altında keçirilən maarifləndirmə aksiyası böyük maraqla qarşılandı. Aksiyada Nazirlər Kabinetinin 26 noyabr 2010-cu il tarixli 222 nömrəli Qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Tədbirlər Planının 4.1-ci bəndinə uyğun olaraq Şəkərli diabetin profilaktikasına dair İSİM tərəfindən tərtib və çap edilmiş maarifləndirmə materialları paylanıldı. Eyni zamanda əhalinin diqqətini “14 noyabr – Ümumdünya Diabet Günü”nün vacibliyinə yönəltmək məqsədilə skrininq müayinələr oldu və müxtəlif viktorinalar keçirildi.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi aksiyada İSİM-in mütəxəssisi Səbinə Babazadə, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Səbinə Məhbubi-İran çıxış edərək bu günün mahiyyətini nəzərə çatdırdılar: “Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!” Bu gündə ictimaiyyət xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırılır, xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır.”
Çıxış edənlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə “ağır xroniki xəstəlik” kimi qələmə verdiyi şəkərli diabetin digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bildirdiyini vurğuladılar: “Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır.”
Növbəti maarifləndirmə tədbirləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində, Etika Akademiyasında, təhsil ocaqlarında keçiriləcək və skrininq müayinələr (BKİ və şəkərin qanda miqdarının ölçülməsi) aparılacaq. “14 noyabr – Ümumdünya Diabet Günü” ilə bağlı mütəxəssislər İTV-də yayımlanan “Yeni gün” musiqi-informasiya proqramının və “Müzakirə vaxtı” tok-şousunun qonağı da olacaqlar.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.