13 İYUL 2015
İSİM-in nümayəndələri “İctimai səhiyyədə simulyasiya tapşırıqlarının yaradılması, həyata keçirilməsi və qiymətləndirilməsi üzrə praktik kurs” mövzusunda keçirilən beynəlxalq təlimdə iştirak etdilər
2015-ci il iyulun 7-dən 9-na kimi İsveçin paytaxtı Stokholmda “İctimai səhiyyədə simulyasiya tapşırıqlarının yaradılması, həyata keçirilməsi və qiymətləndirilməsi üzrə praktik kurs” mövzusunda təlim keçirildi. Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin (ECDC) təşkil etdiyi təlimdə Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktor müavini Rahib Məmmədov və Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov iştirak etdilər.
Təlim iştirakçılara təmsil etdikləri ölkələrin ictimai səhiyyə sahəsində fövqəladə hallar zamanı simulyasiya tapşırıqlarının yaradılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı bilik və təcrübə qazandırdı.
İctimai səhiyyədə simulyasiya tapşırıqları fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsini təmin edən faydalı alətlərdəndir. Səhiyyə təşkilatlarına simulyasiya tapşırıqlarının yaradılması, planlaşdırılması, əlaqələndirilməsi, həyata keçirilməsi və qiymətləndirilməsində kömək məqsədilə Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi tərəfindən texniki sənəd hazırlanıb. Bu sənəd ictimai səhiyyə sahəsində simulyasiya tapşırıqlarının yerinə yetirilməsində və idarə edilməsində ümumi bələdçi rolunu oynayır.