6 İYUN 2015
Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirildi (FOTO)
Hər il dünyada 108 milyon doza qan toplanır. Azərbaycanda hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və donor qanına tələbatı artırır.
Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə 2015-ci il iyunun 6-da “Hilton” Otelində Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirildi. Forumun təşkilatçıları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və İran Qızıl Aypara Cəmiyyəti, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi, “Hematologiyanın İnkişafına Dəstək” İctimai Birliyi və “Azərbaycan Talassemiya Federasiyası” İctimai Birliyi idi. “14 iyun – Ümumdünya Qan Donoru Günü” ərəfəsində keçirilən forumun dəstəkçisi isə “Hilton” Oteli idi. Forumda Azərbaycanda qan donorluğunun inkişafında fəaliyyət göstərən dövlət və QHT nümayəndələri, o cümlədən mütəmadi qan donorları iştirak etdilər.
İlk olaraq, forum iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər. Xüsusi hazırlanmış milli rəqs maraqla izlənildi. Forumu giriş sözü ilə açan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə vurğuladı ki, qan donorluğu ilə bağlı əhalinin maarifləndirilməsi olduqca vacibdir: “Bu gün bizim əsas məqsədimiz Azərbaycanda qan donorluğunu inkişaf etdirməkdir. Qohum donorluğu, təmənnalı donorluq anlayışları ortadan qalxmalıdır. Ötən il biz “14 iyun – Ümumdünya Qan Donoru Günü” ərəfəsində ictimai əsaslı işçi qrup yaratdıq. İşçi qrup İSİM, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “Azərbaycan Talassemiya Federasiyası” İctimai Birliyinin nümayəndələrindən ibarətdir. Bununla da keçən il üzərimizə bir sıra öhdəliklər götürdük. İşçi qrupun təşəbbüsü ilə “Qan donorluğu” mövzusunda maarifləndirmə kampaniyaları, aksiyalar, rəsm müsabiqəsi keçirildi. Qan donorluğu ilə bağlı ilk milli forumu 2014-cü il iyunun 14-də Bakıda keçirdik. “Azərbaycanda Gənc Qan Donorlarının İlk Regional Forumu” 2015-ci il fevralın 10-da Gəncədə, 2-ci Regional Forum 2015-ci il mayın 15-də Lənkəranda keçirildi. 3-cü Regional Forumu isə Şəkidə keçirməyi planlaşdırırıq. Sevindirici haldır ki, bu işdə dövlət və qeyri-dövlət qurumları artıq birləşib. İnkişaf etmiş ölkələrdə yaşı 25 olan insanlar 25 dəfə qan verirlər. Arzu edərdim ki, bizim gənclər də bu təcrübədən istifadə etsinlər.”
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Ümumdünya Qan Donoru Günü barədə ətraflı məlumat verdi: “2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Həmin bəyanatda hər il 14 iyun tarixinin “Ümumdünya Qan Donoru Günü” kimi keçirilməsi qərara alınıb. Ümumdünya Qan Donoru Günü ilə bağlı keçirilən kampaniyalarda əsas diqqət qan donorluğu sayəsində xilas edilmiş insanların həyat tarixçəsinə, sağlam, amma heç zaman qan donoru olmayan, xüsusilə gənclərin mütəmadi qan donorluğuna cəlb edilməsinə yönəldilir. Ümumdünya Qan Donoru Günü kampaniyasının 2015-ci ildəki mövzusu belədir: “Həyatımı xilas etdiyin üçün sənə təşəkkür edirəm!” Azərbaycanda tükənməyən qan ehtiyatı var. Lakin bu ehtiyatlar daim yenilənməlidir.”
Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva bildirdi ki, Azərbaycanda ilk dəfə malyariya mənşəli anemiyanın kəskin formasından əziyyət çəkən xəstəyə qan köçürülüb: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva 8 fevral 2005-ci ildə “Talassemiyasız həyat naminə proqramı”nı elan etdi. 3 may 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu imzalandı. Son 10 il ərzində Azərbaycanda qan donorlarının sayı 3 dəfədən çox artıb. 2014-cü ildə Azərbaycanda donorlardan toplanan qan 36 ton 193 litrə yüksəlib. Respublika üzrə 2010-cu ildə 46530 nəfər qan donoru olubsa, 2014-cü ildə bu rəqəm 72697 nəfərə yüksəlib”.
P.Hacıyeva nəzərə çatdırdı ki, bu gün donorların qeydiyyatı qanvermə prosesinin həyata keçirildiyi tibb müəssisələrində aparılır. Donorlar haqqında məlumatlar elektron məlumat bazasına da daxil edilir. Donorların və onlardan qan analizinin alınması, müayinəsi və donorluğa dair məlumatların qeydiyyatı və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda “Vahid Qan Bankı” sistemi yaradılıb. Hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə və “Hematologiyanın İnkişafına Dəstək” İctimai Birliyinin sədri Çingiz Əsədov qeyd etdilər ki, qan donorlarının edəcəyi xeyirxahlığa görə minnətdarlığın bildirilməsi, könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyətin vurğulanması, bununla da bütün dünyada könüllü donorluğun geniş təbliğ edilməsi lazımdır.
Forumun işinə uğurlar arzulayan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun gənclər üzrə məsləhətçisi Rahu Qurbanova belə bir tədbirin keçirilməsinin cəmiyyətə mesaj vermək baxımından əhəmiyyətini vurğuladı. Bildirdi ki, dövlətimizin başçısının hərtərəfli qayğısı ilə əhatə olunmuş gənclər təşkilatları qan donorluğunun inkişafı istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər.
İran Qızıl Aypara Cəmiyyəti klinikasının rəhbəri Bəhmən Sobhani, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və “Halliburton Eurasia Limited” təşkilatının rəhbəri Anar Əliyev də çıxışlarında qan donorluğunu dəstəklədiklərini diqqətə çatdırdılar.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin müavini Səbinə Məhbubi-İran və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova bildirdilər ki, könüllü qan donorluğunun inkşafı naminə Azərbaycan gəncləri fəal iştirak edirlər. Xarici ölkələrdə könüllü qan donorluğunun inkişafında atılan addımlardan bəhs edən “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov Azərbaycanın da bu istiqamətdə beynəlxalq əməkdaşlığa maraq göstərdiyini diqqətə çatdırdı.
“Korporativ donorluq” mövzusunda “Azərbaycan Talassemiya Federasiyası” İctimai Birliyinin sədr müavini Gülgün Abbasova təqdimat etdi. “Layf” İctimai Birliyinin sədri Emil Vəliyev qan donorlarının cəlb olunması üçün keçirilən aksiyalardan söhbət açdı. “Prosper” şirkətinin layihə rəhbəri Süleyman Əliyev vurğuladı ki, qan donorluğunun inkişafında sosial şəbəkələr effektiv alət rolunu oynayır.
Forum çərçivəsində donorların iştirakı ilə çəkilmiş “Qan ver həyat bəxş et!”, “Qan donorluğu: sən onları xilas edə bilərsən!” videoçarxlarının nümayişi oldu. Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli müəllifi olduğu “Qanımızın səsi” kitabında toxunduğu maraqlı məqamlardan söhbət açdı: “Kitabın mövzusu yaşından asılı olmayaraq hər kəsi maraqlandıra biləcək aktual məsələyə – 4 fərqli qan qrupunun insanın həyatındakı roluna – onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına, eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına, hətta ana olmaq imkanlarına necə təsir göstərməsinə dair yeni təlimə həsr edilib.”
Forumda həmçinin il ərzində qan donorluğuna dair fəaliyyətlərdə fəal iştirak edən təşkilat və mütəmadi qan donorları mükafatlandırıldı. Azərbaycanda könüllü təmənnasız qan donorluğunun inkişafı sahəsində gələcəkdə gənclər tərəfindən həyata keçiriləcək fəaliyyətlərin müzakirəsindən sonra tövsiyələr hazırlandı, yekun sənəd oxundu, gələcək fəaliyyət müzakirə edildi.
Mütəmadi könüllü gənc qan donoru Aygün Həsənzadənin çıxışı hər kəs tərəfindən alqışlandı. Qana ehtiyacı olan xəstənin çıxışı isə qan donorluğunun insan həyatının xilasında nə qədər vacib əhəmiyyət daşıdığını bir daha təsdiqlədi.
Sonda Azərbaycan Gənc Qan Donorlarının I Forumunun, Gənc Qan Donorlarının I və II Regional Forumlarının videoçarxı nümayiş etdirildi. Donorlara təşəkkür əlaməti olaraq forum iştirakçıları ilə birlikdə səmaya qırmızı şarlar uçurduldu.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.