26 MAY 2015
İSİM “Sağlam Düşüncə” Gənclər Təşkilatının “Tütünsüz ay” kampaniyasına tərəfdaşlıq etdi
Hər il dünyada tütünçəkmənin yaratdığı xəstəliklər nəticəsində 6 milyonadək insan vəfat edir.
“Sağlam Düşüncə” Gənclər Təşkilatı tərəfindən “31 may – Ümumdünya Tütünsüz Günü” ilə bağlı mayın 1-dən 31-dək keçirilmiş ənənəvi “Tütünsüz ay” kampaniyasına Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) bu il də qoşuldu. Kampaniyanın məqsədi ictimai yerlərdə tütünçəkmənin məhdudlaşdırılması haqqında ictimai fikrin formalaşdırılması, ikincili (passiv) tütünçəkmə və tütünün zərərləri haqqında əhalinin maarifləndirilməsi idi.
Kampaniya çərçivəsində Sumqayıt şəhəri 34 nömrəli tam orta məktəbdə bir, Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə isə iki seminar təşkil olundu. 2015-ci il mayın 25-də keçirilən seminarları İSİM-in nümayəndələri Səadət Hənifəyeva və Leyla Eyvazova apardılar. ““Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına əsasən keçirilən seminarlarda “Tütünsüz həyat: Sən özün yarat!” mövzusunda təqdimat edildi. Təqdimatda tütünçəkmənin insan sağlamlığına ziyanları, təhlükələri və tütünçəkmə nəticəsində yaranan xəstəliklər, tütünçəkmə ilə mübarizə istiqamətlərindən söhbət açıldı, şagirdlərin sualları ətrafında fikir mübadiləsi aparıldı. Seminarlarda sağlam həyat tərzinin təbliği məqsədilə İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.
Kampaniya çərçivəsində Bakı, Gəncə və Sumqayıt şəhərlərində passiv tütünçəkmənin və tütünün zərərləri haqqında təlimlər, bədii film nümayişləri, məlumatlandırıcı görüşlər, velo-yürüşlər, fləş-moblar təşkil olundu. Velo-yürüş iştirakçıları “01-31 may – Tütünsüz ay” şüarı əks olunmuş köynəklərdə aksiyanın ideyasını təbliğ etdilər, toplanma məntəqələrində tütünün zərərləri haqqında İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları payladılar. Kampaniya ümumilikdə 2000-dən çox gənci əhatə etdi.
Hər il mayın 31-i dünyada Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. 1988-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə keçirilən bu gündə ictimaiyyətin diqqəti tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəldilir, bu zərərli vərdişdən çəkinməyin yolları müzakirə olunur.
“31 may – Ümumdünya Tütünsüz Günü”ndə Azərbaycanda da bir sıra tədbirlər həyata keçirilir. Tütünçəkmə ilə daima mübarizə aparan İSİM əhalinin maarifləndirilməsi istiqamətində bir sıra işlər görür, maarifləndirmə materiallarının çapını da davam etdirir. Bu günə kimi İSİM tərəfindən tütünçəkmə ilə bağlı tədqiqatlar aparılıb, əhalinin sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği məqsədilə videoçarx hazırlanıb, fotomüsabiqə təşkil edilib, “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının 5.3; 8; 9; 10; 11; 12; 13 və 14-cü maddələrinin həyata keçirilməsinin rəhbər prinsipləri Azərbaycan dilinə tərcümə olunub və kitab şəklində çap edilib. İSİM həmçinin ölkəmizdə “31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş birinci və ikinci “No Smoking Film Festivalı”na dəstək olub.