21 MAY 2015
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları narkomaniyanın profilaktikası ilə bağlı məlumatlandırıldılar
2015-ci il mayın 21-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında narkomaniyanın profilaktikası ilə bağlı keçirilən tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Rüfət Rəhimov təqdimat etdi.
Təqdimatda bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyi, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığı nəzərə çatdırıldı. Həmçinin narkomaniya, narkotik maddələr tarixən təbabətdə, narkotikin fəsadları, vacib faktlar, narkotik maddələrin qrupları, onların qəbulunun əsas səbəbləri, təsiri, istifadə əlamətləri, pedaqoji sayıqlıq, davranış dəyişməsi, statistika, qanunlar və mübarizə yolları haqqında ətraflı məlumat verildi. Eləcə də narkomaniyanın profilaktikası məqsədilə təqdimatların, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsinin, bununla da sağlam həyat tərzinin təbliğ edilməsinin vacibliyi vurğulandı.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə kursantları maraqlandıran suallar cavablandırıldı, İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.