15 MAY 2015
Regionlarda reproduktiv sağlamlığın tədrisi və maarifləndirilməsinə dair təlimlər keçirildi
2015-ci il mayın 12-14-də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.3-cü bəndinə əsasən Zaqatala, Qax və Qəbələdə reproduktiv sağlamlığın tədrisi və maarifləndirilməsinə dair təlimlər keçirildi. Təlimlər Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə əməkdaşlığı çərçivəsində təşkil olundu.
Təlimlərin keçirilməsində məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə vermək idi. Təlimlərdə cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, erkən və ya arzuolunmaz hamiləlik, ailə planlaşdırılması barədə vacib məlumatlar verildi.
Təlimlərdə iştirak etmiş biologiya və həyat bilgisi fənləri üzrə tədris aparan gənc müəllimlər tərəfindən gələcəkdə Zaqatala, Qax və Qəbələdə tam orta məktəblərin şagirdləri üçün reproduktiv sağlamlıqla bağlı nümunəvi dərslər təşkil ediləcək.