11 FEVRAL 2015
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2015-ci il fevralın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. İclasda İSİM, BMT-nin Uşaq Fondu (UNİCEF), ÜST-nin Azərbaycan nümayəndəliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, “Azərbaycan Talassemiya Federasiyası” İctimai Birliyi, Rostropoviç-Vişnevskaya Fondu, Dünya Bankı, Xəzər Qayğıkeşlik Layihəsinin nümayəndələri iştirak etdilər.
İclası giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov keçirilmiş çoxsaylı tədbir və layihələr barədə iştirakçıları məlumatlandırdı: “İSİM tərəfindən ölkədə əhalinin səhiyyə sisteminə etimadının və göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin öyrənilməsi ilə bağlı tədqiqat həyata keçirilib. Eyni zamanda İSİM tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə tibb müəssisələrinə müraciət edən qadınlar arasında sorğu həyata keçirilib. Sorğunun keçirilməsi Demoqrafiya və Sağlamlıq Sorğusu 2011-də qadınların ailədə səlahiyyətləndirilməsi ilə bağlı göstəricilərin regionlar üzrə müqayisəsi əsasında qərarlaşdırılıb. Hər iki tədqiqatın yekun hesabatı ictimaiyyətə təqdim olunub.”
Azərbaycan qanunvericiliyinin Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına uyğunluğunun təhlilinin aparıldığını və hesabatın hazır olduğunu vurğulayan direktor bu təhlilin Çərçivə Konvensiyasının 10 illiyinə həsr olunduğunu diqqətə çatdırdı. C.Məmmədov ÜST-nin dəstəyi ilə İSİM tərəfindən poliklinikaların sahə həkimləri üçün qeyri-infeksion xəstəliklər barədə məlumatlandırma təlimlərinin təşkil olunduğundan, uşaqların dispanserizasiyası çərçivəsində tibbi xidmətin keyfiyyətinin monitorinqi, həyata keçirilən dispanserizasiya prosesinin ümumi qiymətləndirilməsi məqsədilə Bakıda xüsusi sorğuların aparıldığından, Təhsil Nazirliyi ilə birgə reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində yeniyetmələr üçün təlimlərin keçirilməsindən bəhs etdi. Direktor həmçinin BMT-nin Əhali Fondu ilə əməkdaşlıq çərçivəsində təlim materiallarının hazırlanaraq Təhsil Nazirliyinə təqdim edildiyini nəzərə çatdırdı.
C.Məmmədov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən İSİM-in “2 fevral – Gənclər Günü” münasibətilə və 2014-cü il ərzində paytaxtda keçirilmiş tədbirlərdə fərqləndiyinə görə “İlin Təşkilatı” seçilməklə mükafatlandırıldığı barədə məlumat verdi. Həmçinin keçirilmiş son tədbirlərdən bəhs etdi: “Fevralın 5-də Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva tərəfindən 2005-ci il fevralın 8-də imzalanmış “Talassemiyasız həyat naminə” layihəsinin 10 illik yubileyi münasibətilə talassemiyalı uşaqlara dəstək xarakterli eyniadlı tədbir, fevralın 10-da isə Gəncədə “Gənc Qan Donorlarının İlk Regional Forumu” keçirilib.”
Səhiyyə Nazirliyi tərəfindən “Hemofiliyanın diaqnostikası və müalicəsi” üzrə klinik protokolun təsdiq edildiyini vurğulayan direktor sonra İSİM-in üç dildə yeni saytının hazır olduğundan, “Sağlam, narkotiksiz həyat seç!” mövzusunda rəsm və inşa müsabiqəsinə start verildiyindən, Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi layihəsi çərçivəsində antenatal xidmətin yaxşılaşdırılması, hamiləlik registrinin tərtib edilməsi üzrə maarifləndirmə materiallarının çap edildiyindən və videoçarxın çəkildiyindən söhbət açdı.
C.Məmmədov çıxışının sonunda ana və uşaq sağlamlığının yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyası, diridoğulmanın beynəlxalq meyarlarına keçidlə bağlı İSİM-in üzərinə 2015-ci ildə düşən öhdəliklərdən danışdı.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodik şöbəsinin müdiri Eldəniz Muradov QİÇS-lə mübarizə həftəsi və 1 dekabr – “Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə əlaqədar keçirilmiş tədbirlər, tədris müəssisələrində müayinə və profilaktika işlərinin aparıldığı barədə məlumat verdi: “Hər iki tədbir çərçivəsində ümumiyyətlə, 13000-dən artıq şəxs arasında ekspress-testlər aparılıb.” E.Muradov həmçinin İİV-lə bağlı Qlobal Fondun maliyyələşdirdiyi Strateji Plan üzrə müalicə, profilaktika istiqamətində aparılan qiymətləndirmədən, kəşfiyyatçı epidemioloji nəzarətlə bağlı tədqiqatdan söhbət açdı.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Səbinə Məhbubi-İran qan donorları və tərəfdaş təşkilatlarla gələcək fəaliyyətin müzakirə edildiyi, qeyri-yoluxucu xəstəliklərlə bağlı seminarın və “4 fevral – Ümumdünya Xərçənglə mübarizə günü”nə həsr olunmuş tədbirin keçirilməsi barədə məlumatı diqqətə çatdırdı.
Xəzər Qayğıkeşlik Layihəsinin 15 illiyinin qeyd edildiyindən bəhs edən Layihənin Sağlamlıq üzrə məsləhətçisi Stiv Stounhaus respublikanın regionlarında uşaqlar arasında 17 çəpgözlük əməliyyatının aparıldığını bildirdi.
Rostropoviç-Vişnevskaya Fondunun direktoru Soltan Məmmədov ÜST və Səhiyyə Nazirliyi tərəfindən pnevmokokla bağlı həyata keçirilən layihənin qiymətləndirilməsinin aparılacağını nəzərə çatdırdı. Məruzəçi həmçinin QİÇS və Vərəmlə mübarizə üzrə Milli Strategiyanın hazırlanması prosesindən bəhs etdi.
BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov Azərbaycana ilk dəfə 500 ədəd ağız suyu əsaslı testlərin gətirildiyi ilə bağlı məlumat verdi. N.Umarov BMT-nin Uşaq Fondu və Səhiyyə Nazirliyi tərəfindən keçirilən Milli Qidalanma Sorğusunun nəticələrinin hazır olduğunu diqqətə çatdırdı.
ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova vərəmin yeni üsullarla müayinəsinin aparılması üzrə İsveçrənin FİND təşkilatı ilə birgə layihənin sona çatdığını vurğuladı.
“Azərbaycan Talassemiya Federasiyası” İctimai Birliyinin sədri Fəxranə Sultanova təşkilatın fəaliyyəti, həyata keçirilmiş layihə və tədbirlər haqqında təqdimat etdi. Təqdimat ətrafında fikir mübadiləsi aparıldı.