11 DEKABR 2014
İSİM-də yeniyetmələrin reproduktiv sağlamlığının tədrisinə dair təlimçilər üçün təlim keçirildi
2014-cü il dekabrın 8-10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Yeniyetmələrin reproduktiv sağlamlığının tədrisinə dair təlimçilər üçün təlim keçirildi. Təhsil Nazirliyi, İSİM və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə həyata keçirdiyi reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində təşkil olunan təlimdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Təhsil Problemləri İnstitutu və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təlimatçıları iştirak etdilər. Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə, Vəfa Yaqublu, İSİM-in məsul əməkdaşı Nabil Seyidov və “Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumovanın fasilitatorluğu ilə İSİM-in əməkdaşları Teymur Hüseynov və Afət Məmmədova, eyni zamanda Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən aparıldı.
Təlimi giriş sözü ilə açan Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə iştirakçılara layihə və təşkilati məsələlər haqqında ətraflı məlumat verdi. Artıq 29 təhsil işçisinin kursu uğurla başa vurduğunu nəzərə çatdıran E.Əlizadə təlimlərin sonunda 40 nəfər seçilmiş təlimçinin bölgələrə ezam ediləcəyi, proqram çərçivəsində seçilən pilot məktəb müəllimləri üçün təlimlərin keçiriləcəyi, sonda yeni tədris vəsaitinin hazırlanacağı barədə söhbət açdı.
Təlimin əsas hissəsində mövzu ilə əlaqədar təqdimatlar oldu. “Yeniyetmələrin sağlamlığının qorunmasının əhəmiyyəti”, “Cinsi yolla yoluxan xəstəliklər və bu xəstəliklərin profilaktikası” kimi mövzular üzrə reproduktiv sağlamlıq, sağlam həyat tərzi, fiziki inkişaf və aktivlik, qidalanma ilə bağlı məlumatlar verdi. Həmçinin uşaqlarda reproduktiv anatomiya, uşağın inkişaf mərhələləri, yetişkənlik dövründə fiziki və fizioloji əlamətlər, ailə planlaşdırılması ilə bağlı məqamlardan bəhs edildi.
“Yeniyetmələrin orqanizmində, psixo-emosional sahəsində və davranışında olan dəyişiklər və onların hormonlar və beyin inkişafı ilə olan bağlılığı”, “Özünə qulluq (şəxsi gigiyena)”, “Zorakılıq və onun profilaktikası”, “Riskli və zərərli davranış”, “Cinsi münasibətlərin nəticələri”, “Erkən nikahlar və onların nəticələri” mövzularında təqdimatlar da maraqla dinlənildi.
Təlimdə eyni zamanda statistik rəqəmlərin dili ilə reproduktiv sağlamlıqla bağlı vəziyyət, demoqrafiya və reproduktiv sağlamlıq, dövlət proqramlarında reproduktiv sağlamlığın yeri, Milli Qanunvericilik və reproduktiv sağlamlıqdan söhbət açıldı.
Təlim çərçivəsində biliklərin təcrübədə tətbiqi məqsədilə testlər həll olundu, ünsiyyət qurma bacarıqları ilə bağlı biliklərə yiyələnən iştirakçılar tərəfindən təqdimatlar nümayiş etdirildi. “Azərbaycan müəllimi” qəzetinin müxbirlərinin də işıqlandırdığı üç günlük təlimin sonunda iştirakçılara Təhsil Nazirliyi və İSİM-in məsul əməkdaşlarının iştirakı ilə sertifikatlar təqdim edildi.