1 DEKABR 2014
İSİM-in nümayəndələri Gənclərin Sağlamlıq Forumunda iştirak etdilər
2014-cü il dekabrın 1-də “Four Season” mehmanxanasında Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunan Gənclərin Sağlamlıq Forumuna başlanıldı. Nərimanov rayon İcra Hakimiyyəti, “Sağlam Ailə” Klinikası, Nərimanov rayon Gənclər və İdman İdarəsinin dəstəyilə keçirilən Forumun əsas məqsədi gənclərin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği vasitəsilə ictimai səhiyyə siyasətinin inkişafını dəstəkləmək, yeni təşəbbüslərin formalaşdırılması və gələcək əməkdaşlıqların qurulmasına şərait yaratmaq idi. 1 dekabr – “Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş və dövlət rəsmiləri, millət vəkilləri, QHT və tələbə gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, respublikanın ayrı-ayrı yerlərindən olan gənclərin qatıldığı Forumda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva iştirak etdilər.
Forum Azərbaycan Respublikasının himni ilə açıq elan edildi. Giriş sözü ilə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Forumun əhəmiyyəti, ölkəmizdə həyata keçirilən gənclər və ictimai səhiyyə siyasəti barədə məlumat verdi: “Gənclərin sağlamlığının qorunması müasir dövrün aktual məsələsi olduğu üçün bu işə xüsusi diqqət yetirilməli, müvafiq qurumlar gənclərlə sözügedən istiqamətdə birgə əməkdaşlıq etməlidirlər.”
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov, Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “Sağlam Ailə” Klinikasının baş direktoru Vüqar Eyvazov və digərləri çıxış edərək, ölkə başçısı İlham Əliyevin apardığı sosial yönümlü siyasətin ən bariz nümunələrindən biri olan ictimai səhiyyənin inkişafını vurğulamış, onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə bu sahədə çox əhəmiyyətli qanunvericilik aktları, dövlət proqramları və digər mühüm sənədlərin qəbul edildiyini, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirildiyini qeyd etdilər: “Bu gün ölkəmizdə gənclərin sağlamlığının qorunması istiqamətində işlər davam etdirilir, maarifləndirici və profilaktik tədbirlərə xüsusi önəm verilir.”
Forum rəsmi açılış mərasimi bitdikdən sonra panel iclaslarla davam etdirildi.