Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti və İSİM tərəfindən “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

25 NOYABR 2014

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti və İSİM tərəfindən “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda tədbir keçirildi

2014-cü il noyabrın 25-də Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq, Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda tədbir keçirildi. Ali təhsil müəssisələrinin müəllim, psixoloq və tələbə heyətinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bir daha qadın zorakılığı probleminə yönəltmək idi.

Tədbirə Nəsimi rayon H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin təqdim etdiyi səhnəciklə başlanıldı. Maraqla izlənilən “Dörd divar” adlı səhnəcikdə həyat yoldaşı tərəfindən fiziki, həmçinin psixoloji zorakılığa məruz qalmış qadının acınacaqlı həyat hekayəsi hər kəsi qadın zorakılığı probleminin bu gün də aktual olduğu barədə bir daha düşünməyə vadar etdi.

Səhnəcik ətrafında müzakirələrdən sonra İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününün tarixçəsinə nəzər saldı: “Zorakılığın qurbanları əsasən qadınlar olur. Müasir dövrdə daha qlobal xarakter daşıyan bu problemin qabardılması üçün 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabr tarixini rəsmi olaraq Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edib və həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaqdır. Hər il dünyada, o cümlədən ölkəmizdə Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günündə müxtəlif tədbirlər həyata keçirilir”.

Məişət zorakılığına məruz qalanların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyasının mühüm məsələlərdən biri kimi dəyərləndirildiyini nəzərə çatdıran A.Hacıyeva problemin aradan qaldırılması üçün qadınların mütləq şəkildə təhsilli olmasının vacibliyini vurğuladı: “Dünyada zorakılığa məruz qalan insanların 95%-ni qadınlar təşkil edir. Zorakılıq halları daha çox təhsil səviyyəsi aşağı olan ölkələrdə baş verir”.

Ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlər, qanunvericilikdə nəzərdə tutulmuş cərimələr barədə məruzəçinin təqdim etdiyi geniş məlumat ətrafında xüsusilə gənclərin maraqlı fikir və təklifləri səslənildi.

“Qadın zorakılığı” mövzusunda təqdimatla çıxış edən İSİM-in əməkdaşları Nərmin Novruzova və Mehriban Məmmədova ilk növbədə “məişət zorakılığı” anlayışına aydınlıq gətirdilər: “Azərbaycan qanunvericiliyində məişət zorakılığı dedikdə, yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, dairəsi qanunvericiliklə müəyyən edilmiş şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması nəzərdə tutulur.” Məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah barədə ətraflı məlumat verən məruzəçilər sonda ictimaiyyətə çağırış etdilər: “Ailədaxili zorakılığı anlamaq və onun barəsində danışmaq bəzən çox çətin olur. Lakin daim zorakılığa məruz qalmaq qorxusu və faktiki zorakılıq içində həyat zəif və həssas ailə üzvlərinin fiziki və psixoloji sağlamlığı üçün qarşısıalınmaz mənfi nəticələrə gətirə bilər. Öz hüquqlarınızı bilin! Bu, sizin zorakılıq halları ilə mübarizədə əsas silahınız olacaqdır!” Təqdimatın sonunda qadın zorakılığı ilə bağlı videoçarx izlənildi.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zahid Xəlilov ailə və cəmiyyətin ictimai həyatında qadınların rolundan danışdı: “Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu, qanunvericilikdə də öz əksini tapıb. Məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün qüvvələrini birləşdirməlidir.” Bununla bağlı qanunların qəbulu və müvafiq dövlət qurumlarının fəaliyyət göstərməsi ilə yanaşı, vətəndaş cəmiyyətinin də rolunun böyük olduğunu vurğulayan Z.Xəlilov tədbirin təşkilində yaxından iştirakı üçün İSİM-ə minnətdarlığını bildirdi.

Qadın zorakılığı ilə mübarizədə maarifləndirmənin vacib əhəmiyyətini vurğulayan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə təhlükə anında insanların müraciət edə biləcəkləri müvafiq təşkilatların qaynar xətt və əlaqə nömrələrini nəzərə çatdırdı. İSİM-in belə maarifləndirmə tədbirlərinin keçirilməsinə önəm verdiyini bildirən S.Babazadə İSİM-lə “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının qadın zorakılığı ilə bağlı layihəsi çərçivəsində məşhurların çəkilmiş fotolarından nümunələri təqdim etdi.

İştirakçılara İSİM tərəfindən hazırlanmış xüsusi çantalarda təqvim, buklet, plakat, bloknot və qələmlər paylanıldıqdan sonra maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.