14 NOYABR 2014
İSİM tərəfindən “14 noyabr – Ümumdünya Diabet Günü”nə həsr edilən “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında tədbir təşkil olundu (FOTO)
2014-cü il noyabrın 14-də Qafqaz Point Hotel-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə təşkilatçılığı ilə “Ümumdünya Diabet Günü”nə həsr edilən “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında tədbir keçirildi. Təşkil olunmuş tədbirdə millət vəkilləri, ölkənin aparıcı endokrinoloqları, hökumət və qeyri-hökumət təşkilatlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Tədbirin ilk hissəsində qonaqlarda qanda şəkərin miqdarı və qlükozalaşmış hemoqlobinin miqdarı ölçülərək vərəqəyə qeyd edildikdən sonra səhər yeməyi təşkil olundu.
Tədbirin rəsmi hissəsinin açılışını edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva “Ümumdünya Diabet Günü”nün tarixçəsinə nəzər saldılar: “Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.”
İSİM-in direktoru Ceyhun Məmmədov şəkərli diabetlə mübarizənin hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biri olduğunu, respublikamızda bu xəstəliklə mübarizə istiqamətində geniş fəaliyyətin aparıldığını vurğuladı. Şəkərli diabetin profilaktikası məqsədilə bu gün bir sıra işlərin görüldüyünü bildirən C.Məmmədov İSİM tərəfindən əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırdı. “Ümumdünya Diabet Günü”ndə “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında keçirilən tədbirin ictimaiyyətin diqqətinin şəkərli diabetin profilaktikasına, xüsusilə sağlam qidalanmanın şəkərli diabet xəstələri üçün həyati önəm daşıdığına yönəltmək məqsədilə təşkil olunduğunu deyən C.Məmmədov çıxışını belə tamamladı: “Ümumdünya Diabet Gününün emblemi mavi dairədir. Bu, o deməkdir ki, şəkərli diabetlə mübarizə ətrafında hamı birləşməli, bir olmalıdır!”
Respublika Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzinin artıq çəkinin artmasına səbəb olduğunu, bunun da bilavasitə şəkərli diabetin yaranmasına təkan verdiyini nəzərə çatdırdı. Şəkərli diabetin profilaktikasının vacibliyini qeyd edən R.Cabbarov bu məqsədlə tədbirlərin elə ilk gündən etibarən görülməsinin əhəmiyyətini vurğuladı.
“Azərbaycanda şəkərli diabetin vəziyyəti” mövzusunda təqdimat edən Respublika Endokrinoloji Mərkəzin direktor müavini Yeganə Sultanova statistik göstəricilərə diqqəti çəkdi: “Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Hər il 7 milyona qədər şəkərli diabet xəstəsi qeydə alınır, 5 milyona qədər insan isə bu xəstəlikdən dünyasını dəyişir.” Şəkərli diabetin yayılma dərəcəsindən də bəhs edən məruzəçi bu xəstəliyin yaratdığı fəsadlardan da söhbət açdı: “Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır.” Təqdimatda həmçinin şəkərli diabetlə mübarizə istiqamətində Azərbaycan Respublikasında görülən işlər barədə ətraflı məlumat verildi. Fəaliyyət çərçivəsində maarifləndirmə tədbirlərinin də aparıldığını bildirən Y.Sultanova 1998-ci ildən Azərbaycan Diabet Liqasının dəstəyi ilə Respublika Endokrinoloji Mərkəzində “Diabet Məktəbi”nin təşkil olunduğu ilə bağlı məlumat verdi.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsinin dövlət büdcəsi hesabına maliyyələşdirildiyi, müalicə-diaqnostika işinin yaxşılaşdırıldığı və şəkərli diabet xəstələrinin aşkarlanması üçün şəraitin yaradıldığını diqqətə çatdırdı.
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov İSİM tərəfindən fiziki aktivliyin məktəblərdə təbliği ilə şəkərli diabetin profilaktikasının aparılmasının təqdirəlayiq hal olduğunu bildirdi.
İSİM-in həkim-endokrinoloqu Nigar Yaqubova 2011-ci ildə Dünya Diabet Fondu tərəfindən təsdiq olunan və AR Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə İSİM və ADC tərəfindən həyata keçirilmiş “Diabet Məktəblərinin təşkili” layihəsi barədə təqdimat etdi. Layihə çərçivəsində respublikanın şəhər və rayonlarında lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbinin təşkil edildiyini, şəkərli diabet xəstələri və risk qrupuna aid əhali arasında bu xəstəliyə dair məlumatlılığın vəziyyətinin ilkin qiymətləndirilməsi məqsədilə sorğunun aparıldığını nəzərə çatdıran N.Yaqubova sorğunun nəticələrinə görə, həm şəkərli diabeti olan insanların, həm də risk qrupuna daxil olan əhalinin bu sahədə biliklərinin artırılmasının məqsədəuyğun hesab olunduğunu bildirdi. Təqdimatda həmçinin məqsədə çatmaq üçün mərhələlərlə diabet məktəblərinin yaradıldığından, İSİM-də maarifləndirici materialların hazırlandığından, tibb işçiləri, diabetli xəstələr və risk qrupu əhali arasında pulsuz təlimlərin aparıldığından söhbət açıldı. N.Yaqubova təqdimatın sonunda layihə əsasında yaradılmış 7 diabet məktəbinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulan təlim məktəbləri üçün model kimi götürüləcəyini vurğuladı.
Respublika Endokrinoloji Mərkəzinin əməkdaşı Nərmin İsmayılova “Sağlam qidalanma” mövzusunda təqdimat edərək sağlam qidalanmanın xüsusilə şəkərli diabet xəstələri üçün vacibliyini vurğulayaraq belə xəstələrə tövsiyələrini çatdırdı.
Təqdimat və çıxışlar ətrafında müzakirələrdən sonra iştirakçılara xüsusi çantalarda “Şəkərli Diabetə nəzarət” bukleti, “Çörək vahidləri cədvəli” kitabçası, plakat, vərəqə, pəhriz kalkulyatoru, qələm və bloknot, diabetli uşaqlara sadalanan vəsaitlərlə yanaşı, hədiyyələr də təqdim olundu. Tədbirin sonunda yenidən qonaqların qanda şəkərinin miqdarı ölçüldü və diabetli uşaqlara hədiyyələr təqdim olundu, uşaqların arzuları yazılmış şarlar havaya buraxıldı.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.