16 OKTYABR 2014
İSİM-in nümayəndələri Türkiyədə keçirilən Şərqi Avropa-Mərkəzi Asiya ölkələrinin Təşkilatlararası işçi qruplarının fövqəladə hallarda reproduktiv sağlamlıq üzrə 3-cü Forumunda Azərbaycanı təmsil etdilər
Şərqi Avropa-Mərkəzi Asiya ölkələri əhalinin, əsasən də uşaq və qadınların sağlamlığı və inkişafına maraq göstərir, bu məqsədlə partnyor təşkilatlarla geniş əməkdaşlıq edirlər. Fövqəladə hallarda reproduktiv sağlamlıq üzrə keçirilən Şərqi Avropa-Mərkəzi Asiya ölkələrinin Təşkilatlararası işçi qruplarının birinci və ikinci forumları nəticəsində regionda reproduktiv sağlamlığın qorunmasında iştirakçıların potensial inkişafını stimullaşdırmaq, informasiya və xidmət əlçatanlığını, əməkdaşlığı yaxşılaşdırmaq, fövqəladə hallar üzrə fəaliyyətdə boşluqları doldurmaq naminə kommunikativ vasitələrdən faydalanmağın zərurəti vurğulanıb, gələcək addımlar müəyyənləşdirilib.
2014-cü il oktyabrın 14-16-da Türkiyənin İstanbul şəhərində BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) birgə təşəbbüsü ilə Şərqi Avropa-Mərkəzi Asiya ölkələrinin Təşkilatlararası işçi qruplarının fövqəladə hallarda reproduktiv sağlamlıq üzrə 3-cü Forumu keçirildi. Forumun keçirilməsində məqsəd ölkə nümayəndələri arasında fövqəladə hallarda reproduktiv sağlamlıq istiqamətində həyata keçirilən fəaliyyətdə əməkdaşlığı möhkəmləndirmək idi.
lbaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Kosovo, Qırğızıstan, Makedoniya, Moldova, Rumıniya, Serbiya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Özbəkistan nümayəndələrinin iştirak etdiyi Forumda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov və BMT-nin Əhali Fondunun (UNFPA) Reproduktiv Sağlamlıq və Gənclər proqramları üzrə mütəxəssisi Ramiz Hüseynov təmsil etdilər. Fövqəladə hallarda uşaqlar valideynsiz qaldığından və zorakılığa məruz qalmaq ehtimalı artdığından onların məlumatlandırılması vacib olan məqamdır. Ona görə də bu təşkilatlararası işçi qruplarının məhz 3-cü Forumunun müzakirələrində fövqəladə hallarda yeniyetmələrin xilası məsələsinə daha çox diqqət yetirildi.
Forumda bu günə kimi qazanılmış bilik və bacarıqlar nümayiş etdirildi, əməkdaşlığın gücləndirilməsi, qüvvələrin koordinasiyası, texniki məsələlərə dair müzakirələr edildi, qruplarda iş aparıldı. Forumda iştirak edən hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatlar, donor agentliklərinin iştirakçıları tərəfindən təcrübə və informasiya mübadiləsi nəticəsində təşkilatlararası işçi qrupları üçün texniki tapşırıq işlənildi və qəbul edildi. Ölkələrin il ərzində görülmüş işlər barədə hesabatları əsasında 2015-ci il üçün fövqəladə hallara dair fəaliyyət planı hazırlandı və təsdiq edildi, region üçün bir sıra prioritetlər müəyyənləşdirildi, ölkə nümayəndələrinin əsas rolları və cavabdeh olduqları məsələlər aydınlaşdırıldı. Digər üzv ölkələr, o cümlədən Azərbaycan nümayəndələri də fövqəladə hallar üzrə fəaliyyətlər barədə məlumat verdilər.
Sonda gələcək əməkdaşlığın uğurlu qurulmasına dair tövsiyələr nəzərə çatdırıldı.