• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

2 OKTYABR 2014

İSİM tərəfindən “2 oktyabr – Beynəlxalq Qeyri-Zorakılıq Günü” ilə bağlı əhali arasında maarifləndirmə aksiyası keçirildi

2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla 2 oktyabr tarixi “Beynəlxalq Qeyri-Zorakılıq Günü” kimi qeyd edilir. Qəbul olunmuş qətnamədə bu beynəlxalq günün məqsədi – sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiq etməkdir. 2 oktyabr təsadüfən seçilmiş tarix deyil, məhz bu gün Hindistanın müstəqilliyi uğrunda hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum günüdür.

Məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə Azərbaycanda 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında Qanun qəbul edilmişdir. Bununla yanaşı, məişət zorakılığına məruz qalmış uşaq və qadınların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdən biri kimi dəyərləndirildiyi üçün Səhiyyə Nazirliyi və digər mərkəzi və yerli dövlət orqanları həmin işlərin təşkili və aparılmasında bilvasitə iştirak edir. Bu sahədə kadr potensialının gücləndirilməsi, məişət zorakılığının qarşısının alınması və zorakılıqdan zərərçəkmişlərin reabilitasiyasının aparılması ilə bağlı uşaq və qadınlarla işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilir. Səhiyyə Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına əsasən həm geniş əhali arasında maarifləndirmə tədbirləri keçirilir, həm də məişət zorakılığının erkən aşkarlanması və zorakılıqdan zərərçəkmiş şəxslərə tibbi-psixoloji yardım göstərən həkimlər üçün metodik tövsiyələr hazırlanaraq onların əsasında həkimlərin bilik və bacarıqları artırılır.

Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq, 2014-cü il oktyabrın 2-də İSİM və Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Beynəlxalq Qeyri-Zorakılıq Günü” ilə bağlı “Metropark” AVM-də maarifləndirici aksiya keçirildi. Məişət zorakılığının qarşısının alınması sahəsində maarifləndirmə və təbliğat işinin təkmilləşdirilməsi məqsədilə keçirilən aksiyada əhaliyə “Uşaq zorakılığı” və “İşgəncə” mövzularında bukletlər paylanıldı, mövzu ilə bağlı məlumatlar verildi.

Bundan əlavə, “Beynəlxalq Qeyri-Zorakılıq Günü” ilə bağlı İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva və Səhiyyə siyasəti və islahatlar şöbəsinin meneceri Nabil Seyidov İctimai Televiziyanın “Müzakirə vaxtı” tok-şousunun qonağı oldu. Bu veriliş vasitəsilə ölkə əhalisinə Səhiyyə Nazirliyi tərəfindən məişət zorakılığının qarşısının alınması, zorakılığa məruz qalmış şəxslərlə tibbi-psixoloji işin qurulması sahəsində görülmüş işlərə dair ətraflı məlumat verildi, bu ilin sonunadək planlaşdırılmış layihələr, habelə növbəti illər üçün planlara dair açıqlamalar verildi.

İSİM-lə yanaşı, Ombudsman Aparatının nümayəndəsinin iştirak etdiyi verilişdə məişət zorakılığının tibbi-psixoloji aspektlərilə bərabər, hüquq və qanunvericilik aspektlərinə də dair məlumatlar nəzərə çatdırıldı. Veriliş vasitəsilə məişət zorakılığının nə olduğu, hansı fəsadlara səbəb olduğu və onun qarşısının alınması barədə geniş müzakirələr aparıldı.