24 İYUN 2014
İSİM-in direktoru Qəbələdə keçirilən 5-ci Azərbaycan-Rusiya Regionlararası Forumda iştirak etdi
İyunun 23-24-də Qəbələ Konqres Mərkəzində “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda 5-ci Azərbaycan-Rusiya Regionlararası Forum keçirildi. Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiyanın Regional İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən foruma təqribən 500 nümayəndə – hər iki ölkənin prezident administrasiyalarının, nazirliklərinin rəsmiləri, parlamentlərin deputatları, yerli icra hakimiyyəti orqanlarının başçıları, Rusiya Federasiyasının bir sıra subyektlərinin rəhbərləri, habelə sahibkarlar, qeyri-hökumət təşkilatlarının əməkdaşları və jurnalistlər toplaşdılar. Forumda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov da iştirak etdi.
Əvvəlcə forum iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və güllər qoydular. Sonra Azərbaycan və Rusiyanın nailiyyətlərini nümayiş etdirən sərgi-ekspozisiyalarla tanışlıq oldu.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxudu: “Ənənəvi olaraq təşkil edilən forumlar iki dost ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi yolunda təsirli vasitəyə çevrilib”. Müraciətdə bildirilib ki, forum əldə edilən uğurların təhlili və aktual məsələlərin müzakirəsi, prioritet sahələrin və birgə fəaliyyətin yeni formalarının müəyyən edilməsi üçün faydalı olacaq. Prezident qeyd edib ki, hazırda Azərbaycan və Rusiya subyektləri arasında ticari-iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün böyük potensial var: “Bizim ölkələrimizdə etibarlı tərəfdaşlıq münasibətlərinin bərqərar olması və əlverişli investisiya mühitinin mövcudluğu regionlararası iqtisadi əlaqələrə özəl biznesin daha aktiv cəlb edilməsi üçün lazımi şərait yaradır. İndiyədək energetika, kənd təsərrüfatı, bank işi, turizm və nəqliyyat sahələrində əldə edilmiş müsbət təcrübədən çıxış edərək biz yaxın gələcək üçün yeni məqsədləri müəyyən edə bilərik. Eləcə də əməkdaşlığımızın vacib komponentləri olan humanitar inkişaf və informasiya mübadiləsi sahələrinə diqqət artırılmalıdır. Bunun üçün layihələr və aydın perspektivli işlək mexanizmlər hazırlamaq lazımdır”.
Sonra RF Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına müraciətini oxudu: “Regionlararası əlaqələr Rusiya ilə Azərbaycanın ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin əsas istiqamətlərindən biridir, yeni layihə və təşəbbüslərə təkan verir. Əsas məsələ budur ki, bu il beş yaşı tamam olan forumunuzun nüfuzu durmadan yüksəlir, iki ölkənin regionlarının qarşılıqlı fəaliyyətinin bütün spektri üzrə konstruktiv dialoq üçün lazımlı məkana çevrilir”. Məktubda vurğulanıb ki, forum iki ölkənin energetika, nəqliyyat, investisiyalar, kənd təsərrüfatı, turizm və təhsil sahələrində əməkdaşlıq potensialının gücləndirilməsi üçün əla imkandır.
Ölkələrimiz arasında humanitar əməkdaşlığın fəal inkişaf etdiyini bildirən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev humanitar əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun rolunu, habelə iki ölkənin gəncləri arasında münasibətlərin möhkəmlənməsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini vurğuladı.
Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev növbəti forumun Azərbaycanda keçirilməsinin ölkə rəhbərlərinin əsasını 5 il əvvəl qoyduğu xoş ənənənin güc topladığının və genişləndiyinin göstəricisi olduğunu bildirdi. İki günlük forumda tərəflər energetika, nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərini müzakirə etdilər, habelə turizm, investisiyalar, aqrar sahələrdə əlaqələrin genişlənməsi imkanları nəzərdən keçirildi.
Forum çərçivəsində həmçinin “Azərbaycan və Rusiya arasında humanitar sahədə əməkdaşlıq istiqamətlərinin perspektivləri” mövzusunda dəyirmi masa təşkil olundu. Dəyirmi masada çıxış edən İSİM-in direktoru Ceyhun Məmmədovun iki dövlət arasında səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi və səhiyyənin müxtəlif istiqamətlərində birgə qərarların qəbul edilməsi ilə bağlı konkret təklifləri auditoriya tərəfindən maraqla qarşılandı. 5-ci Azərbaycan-Rusiya Regionlararası Forumuna birgə sənədlərin imzalanması ilə yekun vuruldu. Həştərxan Turizm Birliyi ilə Azərbaycan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında, Ural Turizm Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq barədə, “Həştərxan regional kanal”ı MMC ilə Azərbaycanın regional televiziyası arasında sazişlər, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında qarşılıqlı anlaşmaya dair, Rusiyanın İnvestisiya Agentliyi ilə AZPROMO arasında qarşılıqlı anlaşma haqqında memorandumlar imzalandı. Eyni zamanda Azərbaycanın və Rusiyanın bir sıra şirkətləri arasında da əməkdaşlığa dair sənədlər təsdiqləndi.
Forum çərçivəsində iştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət qəbul etdilər. Tədbirin sonunda həmin müraciət oxundu: “Ölkə başçılarının təşəbbüsü ilə 2010-cu ildən keçirilən forumlar xoşməramlı ənənəyə çevrilib və Azərbaycanla Rusiya arasında əməkdaşlığın inkişafına böyük töhfə verir. 5-ci Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində 6 qurumlararası saziş və 5 biznes müqaviləsi imzalanıb.
Ümumilikdə, forum dostluq və qardaşlıq şəraitində keçirilib.” Forum iştirakçıları əminliklə bildirdilər ki, bu cür tədbirlərin keçirilməsi iki ölkə liderinin siyasi iradəsi və səyləri nəticəsində yaranan strateji tərəfdaşlığın gücləndirilməsinə səbəb olacaq.