13 İYUN 2014
İSİM-in direktoru Çex Respublikasının Praqa şəhərində “Əhali və inkişaf haqqında dialoq: Şərqi Avropa və Mərkəzi Asiyanın çiçəklənməsi naminə insan kapitalının formalaşdırılması” mövzusunda Regional Konfransda iştirak etdi
2014-cü il iyunun 11-13-də Çex Respublikasının Praqa şəhərində “Əhali və inkişaf haqqında dialoq: Şərqi Avropa və Mərkəzi Asiyanın çiçəklənməsi naminə insan kapitalının formalaşdırılması” mövzusunda Regional Konfrans keçirildi. Konfrans əhalinin inkişafı və artımı, miqrasiya, yoxsulluq, QİÇS-lə mübarizə, insan alveri, təhsil və səhiyyə problemi, gənclər, qadın, kişi və uşaq hüquqları, bərabər imkanlarla bağlı sosial sahədə unikal rola malik olan BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) təşəbbüsü və Çex Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə gerçəkləşdirildi.
Milli, regional və beynəlxalq səviyyədə keçirilən Əhali və inkişaf haqqında beynəlxalq konfrans çərçivəsində baş tutan Konfransın keçirilməsində əsas məqsəd əhəmiyyətli beynəlxalq sənədlərin və alətlərin köməyilə regionda əhalinin demoqrafik dəyişikliklər prosesinin daha dərindən öyrənilməsi və problemin düzgün həlli yollarının araşdırılması istiqamətində siyasətin müəyyənləşdirilməsi, monitorinq və qiymətləndirilmənin aparılması idi. Dialoq prosesində ən çox əhalinin inkişaf dinamikası, ailə, gender bərabərliyi və doğum sayı, yeniyetmələr və gənclərlə bağlı məsələlərə diqqət edildi.
Şərqi Avropa və Mərkəzi Asiyanın nazirlərinin, məsul şəxslərinin və ekspertlərinin iştirak etdiyi Konfransda ölkəmizi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və Demoqrafiya İdarəsinin rəisi Vahab Məmmədov, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Demoqrafiya və Əhalinin inkişafı sektorunun müdiri Nailə Verdiyeva və AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov təmsil etdilər.
Konfransın ilk günündə mövzu üzrə siyasətin qurulmasında iştirak edən ölkə nümayəndələri arasında müzakirələr oldu və əsas istiqamətlərdə milli prioritetlər müəyyənləşdirildi. Yeniyetmələr və gənclərlə bağlı istiqamətlərdə təhlil xarakteri daşıyan növbəti günlərdə araşdırmalarda boşluqlar, problemlər və gələcək addımlardan söhbət açıldı. Eyni zamanda Konfransın mövzuları üzrə elmi əsaslandırılmış siyasətin hazırlanılması və reallaşdırılmasında təcrübələrdən bəhs edildi. Ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər, yoxsulluq səviyyəsinin azaldılması, habelə bununla bağlı BMT-nin qəbul etdiyi Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə qəbul olunan dövlət proqramları və strategiyalar haqqında Azərbaycanın nümayəndə heyəti məruzə etdi. Məruzələrdə Azərbaycanda ailə planlaşdırılması, gender bərabərliyi və reproduktiv sağlamlıq sahəsində görülən işlərdən bəhs edildi.
Regional Konfransda ölkə nümayəndələri əhalinin inkişafı naminə görülən işlərdən, eləcə də bu fəaliyyətdə insan kapitalının əhəmiyyətli rolundan bəhs etdilər. Tədbirdə mövcud boşluqların aradan qaldırılması üçün Şərqi Avropa və Mərkəzi Asiyada institusional resursları və texniki imkanları özündə əks etdirən məcmuənin nəşri təklif olundu. Maraqlı müzakirələrlə yadda qalan Konfransın sonunda gələcək addımlar üçün təklif və tövsiyələr dinlənildi. Ekspertlər Konfransın region ölkələri arasında təcrübələrin bölüşməsi, problemlərin aradan qaldırılması və gələcək fəaliyyətin daha uğurlu qurulması üçün vacib platforma olduğunu vurğuladılar.