29 MAY 2014
İSİM-in ictimai səhiyyənin müxtəlif mövzuları üzrə ali və orta məktəblərdə növbəti təqdimatlarına yekun vuruldu
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ictimai səhiyyənin müxtəlif mövzuları üzrə ali və orta məktəblərdə növbəti təqdimatlarına yekun vuruldu. İSİM-lə Təhsil Nazirliyinin əməkdaşlığı sayəsində 2014-cü il fevral-may aylarını əhatə edən təqdimatların məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun həyata keçirilməsi və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının icrasını təmin etmək idi.
İSİM-in mütəxəssisləri tərəfindən aparılan təqdimatlar 35 təhsil müəssisəsi üzrə 2155 şagird və tələbəni əhatə etdi.
“Tütünsüz həyat: Sən özün yarat!” mövzusunda təqdimatlarda tütünçəkmənin insan sağlamlığına ziyanları, təhlükələri və tütünçəkmə nəticəsində yaranan xəstəliklər, tütünçəkmə ilə mübarizə istiqamətlərindən söhbət açıldı, tələbələrin və şagirdlərin sualları ətrafında fikir mübadiləsi aparıldı. Sağlam qidalanma və fiziki aktivliyə davamlı, planlaşdırılmış və sistematik yanaşma, zərərli vərdişlərdən uzaq olma, içməli suyun faydaları, ümumiyyətlə, sağlam həyat tərzinin təbliği, ətraf mühitin mühafizəsi, məişət zorakılığının və narkomaniyanın mənfi tibbi-psixoloji nəticələrinin izah edilməsinə və qarşısının alınmasına yönəlmiş təqdimatlar da tələbələr və şagirdlər tərəfindən maraqla qarşılandı. Mövzularla əlaqədar qısametrajlı film və videoçarxların nümayişi əsasında tələbələr və şagirdlər təəssüratlarını bölüşdülər.
Maarifləndirici məqsəd daşıyan və interaktivlik əsasında qurulan təqdimatlarda məruzəçilər tələbələri və şagirdləri sağlam həyat tərzini seçməyə çağırdılar.
Təqdimatların sonunda əhalinin maarifləndirilməsi istiqamətində İSİM-in həyata keçirdiyi tədbirlərdən və çap olunan nəşrlərdən söz açıldı, bukletlər, qələm, məlumatlandırıcı nişan paylanıldı və xatirə şəkilləri çəkildi.