25 APREL 2014
Peyvənd otaqlarında fəaliyyət göstərən tibb işçiləri üçün İSİM-də “Pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin tətbiqi, istifadəsinə dair əks-göstərişlər, təhlükəsizliyi, saxlanması, peyvəndin vurulması” mövzusunda təlim keçirildi
Azərbaycanda milli immunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılmasına yönəlib. Hazırda profilaktik peyvəndlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 1994- cü ildə təsdiq olunmuş peyvənd təqviminə əsasən həyata keçirilir. 2013-cü ilin 1 dekabrından Milli peyvənd təqviminə pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksin əlavə olunub.
Səhiyyə Nazirliyinin “Respublikada profilaktik peyvənd təqviminə pnevmokokk infeksiyasına qarşı vaksinin daxil edilməsi barədə” 30 oktyabr 2013-cü il tarixli 121 nömrəli əmri ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksin üzrə Bakıda və regionlarda peyvənd otaqlarında fəaliyyət göstərən tibb işçiləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
2014-cü il aprelin 25-də İSİM və BMT-nin Uşaq Fondunun əməkdaşlığı çərçivəsində Peyvənd otaqlarında fəaliyyət göstərən tibb işçiləri üçün “Pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin tətbiqi, istifadəsinə dair əks-göstərişlər, təhlükəsizliyi, saxlanması, peyvəndin vurulması” mövzusunda təlim keçirildi. Təlimdə Bakı şəhərində peyvənd otaqlarında fəaliyyət göstərən tibb işçiləri iştirak etdilər.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadənin fasilitatorluğu ilə keçirilən təlimdə ilk növbədə məqsəd və vəzifələr açıqlandı. Daha sonra İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyevanın təqdimatları oldu.
Təqdimatlarda Azərbaycan Respublikasının Milli peyvənd təqvimi, Azərbaycan Respublikasında istifadə olunan vaksinlər barədə məlumat verildi. İştirakçılar bir sıra xəstəliklərin törədicisi olan pnevmokokkun yayılma coğrafiyası, risk qrupları və fəsadları, xüsusilə pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin tətbiqi, istifadəsinə dair əks-göstərişlər, təhlükəsizliyi, saxlanması, peyvəndin vurulması ilə bağlı ətraflı məlumatlandırıldılar.
Sonda İSİM tərəfindən hazırlanmış və çap edilmiş pnevmokokka dair kitabça paylanıldı.
Eyniadlı təlimlərin regionlarda da aparılması planlaşdırılır.