8 APREL 2014
İSİM-in nümayəndəsi Ümumdünya autizm günü ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunmuş konfransda iştirak etdi
2014-cü il aprelin 5-də Ümumdünya autizm günü ilə bağlı silsilə maarifləndirmə tədbirləri çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində Birgə və Sağlam İctimai Birliyi və Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyinin təşkilatçılığı ilə mətbuat konfransı keçirildi. Konfransda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva da iştirak etdi.
Konfransı giriş sözü ilə açan Birgə və Sağlam İctimai Birliyinin sədri Aytən Eynalova autizm sindromu haqqında ümumi məlumat verdi. Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyinin direktoru Rəşad Hüseynov isə “Aprel Autizm Maarifləndirmə Ayı”nın proqramı haqqında məlumatı diqqətə çatdırdı və autizm üzrə vəsait təqdim olundu.
Millət vəkili Qənirə Paşayeva autizmlə bağlı əhalinin məlumatlandırılmasının əhəmiyyətini önə çəkdi: “Biz bu sahədə dünya təcrübəsini öyrənməli və bu təcrübəyə əsaslanaraq ölkəmizdə sosial şəbəkələr, televiziyalar vasitəsilə maarifləndirmə işini aparmalıyıq.”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Vasif Quliyev, Paralimpiya Komitəsinin nümayəndəsi Şaiq Həmidov, musiqiçi Tünzalə Ağayeva müzakirələrdə iştirak edərək fikirlərini bildirdilər.
İSİM-in şöbə müdiri Aysel Hacıyeva autizmlə bağlı ictimaiyyətin maarifləndirməsinin müsbət nəticələrindən söhbət açaraq bu istiqamətdə Ümumdünya autizm günü ilə əlaqədar İSİM-də keçirilmiş “Autizm spektr xəstəlikləri” mövzusunda dəyirmi masa barədə məlumatı nəzərə çatdırdı.
Sonda rejissor Ehtiram Nəcəfovun autizm ilə bağlı animasiya filmi nümayiş etdirildi.