• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

7 FEVRAL 2014

Azərbaycanda 2011-ci ildə aparılmış Demoqrafiya və Sağlamlıq Sorğusunun yekun nəticələrinə həsr olunmuş konfrans keçirildi

2014-cü il fevralın 7-də Hyatt Conference Hall-un “Şuşa” zalında Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 2011-ci ildə aparılmış Demoqrafiya və Sağlamlıq Sorğusunun (DSS-2011) yekun nəticələrinə həsr olunmuş konfrans keçirildi. Səhiyyə Nazirliyinin məsul işçiləri, Milli Məclisin üzvləri, müvafiq dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin aidiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə Səhiyyə Nazirinin müavini Elsevər Ağayev açaraq konfransın məqsəd və məramını diqqətə çatdırdı: “BMT-nin qəbul etdiyi Minilliyin İnkişaf Məqsədlərindən 4-ü səhiyyə ilə bağlı idi. Azərbaycanda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2008-2010-cu illər) hazırlanması həmin məqsədlərə nail olunması istiqamətində atılan mühüm addımlar oldu. Sorğunun keçirilməsi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edildi və artıq DSS-2011 üzrə hesabat hazırdır.”

Azərbaycanda DSS-in mahiyyəti və verə biləcəyi töhfələr barədə İSİM-in direktoru Ceyhun Məmmədov məruzə etdi. DSS-in “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində həyata keçirildiyini bildirən direktor belə sorğuların ölkədə vaxtaşırı keçirilməsinin əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlərin davam etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, habelə bununla bağlı BMT-nin qəbul etdiyi Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün zəruri şərtlərdən olduğunu vurğuladı: “DSS-2011 ana və uşaq sağlamlığı, ailə planlaşdırılması, fertillik, kontrasepsiya üsullarından istifadə və digər göstəricilər üzrə 2006-cı illə müqayisədə müsbət dinamikanın müşahidə olunduğunu göstərir. Bu da ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən sosial yönümlü siyasətin və bu siyasət sayəsində düşünülmüş Dövlət Proqramlarının nəticəsi kimi qiymətləndirilə bilər”

Məruzədə DSS-2011-in Azərbaycanda ilk dəfə 2006-cı ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Uşaq Fondunun dəstəyi və Macro International Inc. təşkilatının iştirakı ilə Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilmiş DSS-in metodologiyasına əsaslandığı, bunun da sorğunun nəticələrinin əhalinin demoqrafiya və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və təhlili üçün əvvəlki tədqiqatın və digər ölkələrin göstəriciləri ilə müqayisəsinin aparılmasına zəmin yaratdığı bildirildi.

DSS-2011-in koordinatoru Lütfi Qafarov DSS-2011-in təşkili və həyata keçirilməsinin mərhələləri barədə geniş təqdimat etdi. DSS-2011-in Azərbaycanda əhali, sağlamlıq və qidalanma üzrə mövcud vəziyyətin əsas göstəricilərini əks etdirdiyini vurğulayan L.Qafarov sorğunun keçirilmə prosesi, metodikası, sorğu alətlərindən söhbət açdı. Təqdimatda o cümlədən sorğunun 7041 ev təsərrüfatında, 15-49 yaşlı 9381 qadın arasında keçirildiyi, sorğu zamanı ev təsərrüfatlarının xüsusiyyətləri, sosial-iqtisadi göstəricilər, antropometriya, təhsil, körpə və 5 yaşadək uşaq ölümü, ana və uşaqların sağlamlığı, gender münasibətləri və qadınların ailədə səlahiyyətləri, fertillik, arzu olunan uşaqların sayı, ailə vəziyyəti, ailə planlaşdırılması, qidalanma, yetkinlik yaşına çatanların sağlamlığı və QİÇS, cinsi yolla yayılan xəstəliklər (bilik, münasibət və davranış) ilə bağlı məlumatların əldə edildiyindən bəhs edildi.

İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin meneceri Tural Quliyev və DSS-2011-in koordinatoru Töhfə Cəmilova sorğunun nəticələrini özündə əks etdirən Yekun Hesabatı təqdim etdilər. Təqdimat çərçivəsində respondentlərin təhsil səviyyəsi, məşğulluq və evlilik statusu, nəsilartırma qabiliyyəti, kontrasepsiyadan istifadə səviyyəsi, reproduktiv sağlamlıq, hamiləliyin nəticələri, körpə və uşaq ölümü göstəricilərinin dinamikası, qadınların və uşaqların qidalanma statusu, İİV/QİÇS-ə yoluxmadan qorunma üsulları və İİV/QİÇS-in ötürülməsi ilə bağlı əhalinin məlumatlılıq səviyyəsi barədə məlumat verildi. Eləcə də yaş qrupları və yaşayış yeri üzrə fertillik əmsalları, şəhər və kənd yerlərində fertillik, evli qadınların fertilliklə bağlı yanaşmalarından bəhs olundu. Sorğu nəticələrinin bütün ölkə üçün representativ sayıldığını vurğulayan məruzəçilər DSS-2011-in seçilmiş nəticələrini nəzərə çatdırdılar: “Sorğuya əsasən öyrənilən son 5 il ərzində uşaq doğulmasında və bütün fertillik əmsallarında həmin dövrdən əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. 2006-cı ildə keçirilmiş analoji sorğunun nəticələri ilə müqayisədə neonatal ölüm 21%, postneonatal ölüm 33%, körpə ölümü 25%, beş yaşadək ölüm isə 20% azalıb. DSS-2006 ilə müqayisədə 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 28.5% azalıb. 15-49 yaşlı bütün qadınların 87.1%-i, evli qadınların isə 97.2%-i ən azı bir kontrasepsiya üsulu haqqında məlumatlıdırlar. Evli qadınların təxminən 14%-i müasir üsullardan, digər 41%-i isə çoxluğu təşkil edən ənənəvi üsullardan istifadə edirlər.”

Səhiyyə Nazirinin müavini Elsevər Ağayev sorğunun Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yenidoğulma meyarları nəzərə alınmaqla həyata keçirildiyi, 2006-cı illə müqayisədə müsbət dinamikanın müşahidə olunduğu və bununla da Minilliyin İnkişaf Məqsədlərinə nail olmağa yaxın olmağımız haqqında məlumat verdi.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev DSS-2011-i aparmaqla gələcək səhiyyəyə konseptual inkişaf vermiş Səhiyyə Nazirliyi və İSİM-in fəaliyyətini dəyərləndirdi: “Səhiyyədə aparılan islahatlar, o cümlədən DSS-in keçirilməsi ölkə başçısının Azərbaycanın 2020-ci ildə sosial dövlətə çevrilərək inkişaf edən ölkələr sırasında olacağına dair çağırışına müsbət cavab kimi hesab edilməlidir.”

Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva DSS-2011-lə bağlı hazırlanmış sənədin tibb işçiləri, səhiyyədə çalışan alimlər üçün mükəmməl vasitə olduğunu vurğuladılar. O cümlədən DSS-2011-də əksini tapan məqamlarla bağlı ictimaiyyətin maarifləndirilməsi istiqamətində KİV tərəfindən təbliğatın aparılmasının vacibliyi qeyd olundu.

DSS-2011 nəticəsində əhəmiyyətli göstəricilərin əldə olunduğunu deyən Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev, Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji Nəzarət sektorunun müdiri Viktor Qasımov və başqaları DSS-in keçirilməsində əməyi olanlara dərin minnətdarlıqlarını bildirdilər, DSS-in nəticələrinə əsasən ölkə səhiyyəsində irəliləyişlərin müşahidə olunduğunu və dövlət səviyyəsində görülən işlərin mövcud problemlərin gələcəkdə həllinə yardım edəcəyini diqqətə çatdırdılar.

İSİM-in direktoru Ceyhun Məmmədov Yekun Hesabatda təqdim olunmuş nəticələrin gələcəkdə səhiyyənin inkişafı üçün hələ də təhlil olunacağından bəhs etdi: “2012-ci ildə ÜST-nin Azərbaycan ofisi ÜST-nin körpə-uşaq ölümünə dair illik hesabatı üçün Azərbaycan üzrə məlumatı əldə etmək məqsədilə Səhiyyə Nazirliyinə müraciəti əsasında körpə-uşaq ölümü üzrə DSS-2011-də əldə olunmuş nəticələr Səhiyyə Nazirliyinə təqdim olunub və daha sonra ÜST-nin iclasında müzakirə edilib.”

Sonda sorğu nəticələri ətrafında fikir mübadiləsində bir sıra maraqlı məqamlara toxunuldu.