4 DEKABR 2013
İSİM-in direktoru Səhiyyə siyasəti vəziyyəti – 2020 kontekstində qeyri-infeksion xəstəliklərlə mübarizə və profilaktika üzrə ÜST-nin Avropa nazirləri səviyyəsindəki konfransında iştirak etdi
2013-cü il dekabrın 3-4-də Türkmənistanın Aşqabad şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun Türkmənistanın Səhiyyə Nazirliyi və tibbi sənaye müəssisələri ilə əməkdaşlığı çərçivəsində təşkil etdiyi Səhiyyə siyasəti vəziyyəti – 2020 kontekstində qeyri-infeksion xəstəliklərlə mübarizə və profilaktika üzrə ÜST-nin Avropa nazirləri səviyyəsindəki konfransı baş tutdu. 53 üzv ölkənin iştirak etdiyi konfransda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov təmsil etdi.
Avropa regionunda qeyri-infeksion xəstəliklərlə bağlı problemin işıqlandırılmasına dair ilk olan konfrans BMT-nin yüksək səviyyəli görüşündə qeyri-infeksion xəstəliklər üzrə siyasi deklarasiyanın qəbul edilməsindən iki il, Səhiyyə siyasəti – 2020-nin qəbul edilməsindən bir il sonra və qeyri-infeksion xəstəliklərin profilaktikası, onunla mübarizə və monitorinq mexanizminin təsdiqi üzrə Qlobal fəaliyyət planının qəbul edildiyi ildə keçirilir. Konfransın keçirilməsində məqsəd Avropa ölkələrinin səhiyyə nazirlərinin iştirakı ilə qeyri-infeksion xəstəliklərin profilaktikası və onunla mübarizə sahəsində son iki il ərzində əldə olunmuş nailiyyətlərə baxılması və Region səviyyəsində gələcəkdə birgə fəaliyyətin qurulması üçün müzakirələrin edilməsi idi.
Konfransda əsas üç mövzu: qeyri-infeksion xəstəliklər və onun inkişafı, tütündən azad Avropa, milli səviyyədə qeyri-infeksion xəstəliklərlə əlaqədar cavab tədbirləri ilə bağlı fikir mübadiləsi aparıldı.
İştirakçılar ilk növbədə ictimai səhiyyə kontekstində qeyri-infeksion xəstəliklər və onun inkişafı arasında dərin epidemioloji, sosial, siyasi və tarixi əlaqəni öyrəndilər. O cümlədən, regional səviyyədə birgə fəaliyyət və əməkdaşlığın qurulması yolları və əsas milli təşəbbüs sayəsində qeyri-infeksion xəstəliklərlə bağlı problemin əks etdirilməsi istiqamətində fikir bölüşdülər.
Eləcə də tütünə qarşı mübarizə üzrə ÜST-nin Çərçivə Konvensiyasının reallaşdırılmasında qüvvələrin fəallaşdırılması və Avropanın tamamilə tütün tüstüsündən azad məkana çevrilməsi üçün daha cəsarətli məqsədlər, vəzifələr və qarşıya çıxa biləcək maneələrin həlli yolları müzakirə edildi.
Konfransın üçüncü hissəsində ölkə nümayəndələri müzakirə üçün qeyri-infeksion xəstəliklərin profilaktikası və onunla mübarizə sahəsində 2013-cü ildə aparılmış səhiyyə sisteminin qiymətləndirilməsinin nəticələri üzrə hesabatı təqdim etdilər, təmsil etdikləri ölkələrin bu istiqamətdə təcrübələrini paylaşdılar.
Konfrans ərzində qeyri-infeksion xəstəliklərin profilaktikası və onunla mübarizə sahəsində strateji rəhbərlik, vətəndaş cəmiyyətinin rolu, qeyri-infeksion xəstəliklər üzrə milli planın işlənib-hazırlanması, monitorinq və epidemioloji nəzarət, risklərin qiymətləndirilməsi, səhiyyədə kadr resursları, keyfiyyətli dərman vasitələrinə əlçatanlıq barədə təqdimatlar maraqla qarşılandı.
Sonda regional məsləhətçilər və aparıcı elmi işçilərdən ibarət qrupun hazırladığı Aşqabad deklarasiyası yekdilliklə qəbul olundu və imzalandı. Konfrans çərçivəsində qeyd edilmiş üç mövzunu əhatə edən deklarasiya Avropa regionunda qeyri-infeksion xəstəliklərin profilaktikası, onunla mübarizə üzrə birgə fəaliyyəti ifadə edən alət, həmçinin Səhiyyə siyasəti – 2020-nin və qeyri-infeksion xəstəliklərin profilaktikası, onunla mübarizə üzrə ÜST-nin Qlobal fəaliyyət planının (2013-2020) reallaşdırılmasında vacib addım olacaq.