29 OKTYABR 2013
İSİM-in direktoru Cenevrədə Tütünə nəzarət üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsinin gücləndirilməsinə dair İşçi Qrupun görüşündə iştirak etdi
2013-cü il oktyabrın 29-31-də İsveçrənin Cenevrə şəhərində Tütünə nəzarət üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsinin gücləndirilməsinə dair davamlı tədbirlər üzrə İşçi Qrupun görüşü keçirildi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tütünə nəzarət üzrə Çərçivə Konvensiyasının Baş Katibliyinin təşkilatçılığı ilə keçirilən görüşdə Türkiyə, Böyük Britaniya, Avstraliya, Belarus, Braziliya, Kanada, Uruqvay, Konqo, Hindistan, Yaponiya, Pakistan və digər ölkələrin nümayəndələri iştirak etdilər. Görüşdə Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov təmsil etdi.
Görüşün keçirilməsində məqsəd Tütünə nəzarət üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsinin gücləndirilməsi, eləcə də multisektoral və beynəlxalq əlaqələndirilmə üçün qarşılıqlı yardımın mənbələri və mexanizmləri sahəsində bilik və təcrübənin bölüşdürülməsi idi.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı yardımın mexanizmi, multisektoral koordinasiya, beynəlxalq əlaqələndirilmə, Tütünə nəzarət üzrə Çərçivə Konvensiyasının geniş beynəlxalq forumlarda təbliği məsələləri müzakirə olundu. Müzakirələrin xülasəsi və hesabat hazırlıqlarından sonra gələcək işin proqramına nəzər yetirildi.