27 AVQUST 2013
"Sağlam Gənclik-10 il" layihəsinin açılış mərasimi keçirilib
27 avqust tarixində Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatında "Sağlam Gənclik-10 il" layihəsinin açılış mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılmış abidəsini ziyarət edərək, xatirəsinə ehtiramlarını bildiriblər.Açılış mərasimini giriş sözü ilə açan "İRƏLİ" İdman Mərkəzinin rəhbəri Niyaz Əliyev toplaşanlara layihə haqda ümumi məlumat verib və qeyd edib ki, 2 ay müddətində davam edəcək layihə ərzində iştirakçılara sağlam həyat tərzi mövzusunda təlimlər keçiriləcək və ekskursiyalar təşkil olunacaq.
Binəqədi rayon Yeni Azərbaycan Partiyasının sədri Ramiz Göyüşov gənclərin inkişafı üçün yaradılan şəraitdən, həyata keçirilən tədbirlərdən, rayon ərazisində inşa edilən idman kompleksləri və Gənclər mərkəzindən söhbət açıb.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov son bir il ərzində 72 layihənin keçirildiyini bildirib və onlardan 51 gənclər, 21 layihənin isə idman sahəsini əhatə etdiyini qeyd edib. Qüdsi Bayramov ümumilikdə son 10 il ərzində 1000-dən çox layihənin keçirildiyini vurğulayıb.
"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev çıxışında son 10 ildə Azərbaycanda müxtəlif sahələrdə qazanılan nailiyyətlərdən, dövlətin gənclərə qayğı və diqqətindən söz açıb: "Bu gün dövlət tərəfindən bu sahəyə yetərincə diqqət ayrılır. Neft kapitalının insan kapitalına çevrilməsi dövlət siyasətinin ana sütununu təşkil edir. İnsan kapitalının inkişafında isə heç şühbəsiz ki, gənclər dayanır. Odur ki, gənclərin də öhdəsinə düşən əsas iş yaradılan bu imkanlardan maksimum faydalanma, cənab Prezident İlham Əliyevin gənclərə etimadını doğrultmaqdır".
R.Mərdiyev həmçinin "İRƏLİ" İctimai Birliyin fəaliyyətində hər zaman gənclər arasında sağlam həyat tərzinin təbliğ olunmasına, idmanın inkişafına önəm verildiyini əlavə edib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin YAP sədri Yeganə Vəliyeva çıxışında Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişafda olduğunu vurğulayıb, əldə olunan uğurları diqqətə çatdırıb. Qeyd edib ki, bu gün ölkə səhiyyəsi yüksək müasir standartlara cavab verir, müasir standartlara uyğun qurulur.
Çıxışında narkomaniyanın cəmiyyətə, insanlara vurduğu ziyandan söz açaraq, onu bəşəriyyətin bəlası adlandıran Y.Vəliyeva, eyni zamanda, siqaretin, alkoqolun da insan orqanizminə zərərli təsirindən danışıb: "Yeniyetmə və gənclərin atacağı hər bir xoşagəlməz addım gələcəkdə mənfi nəticələrə gətirib çıxara bilər. İdman bugünkü həyatımızın ayrılmaz hissəsi olmalıdır".
Tədbir panel iclasları ilə davam etdirilib. "Sağlam həyatın dəyərləri" və "Sağlam həyat tərzi və onun təbliği" mövzularına həsr olunmuş panel iclaslarında gənclərə ətraflı bilgilər verilib, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.