• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

10 İYUL 2013

İSİM-də “Sağlamlıq hüquqlarının təmin edilməsi” mövzusunda seminar keçirildi

2013-cü il iyulun 10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin 2013-cü il üçün İllik İş Planına uyğun olaraq Səhiyyə Nazirliyinin fəaliyyətini tənzimləyən qanunvericilik aktları barədə məlumatların vətəndaşlar arasında təşviqinin təkmilləşdirilməsi məqsədi ilə “Sağlamlıq hüquqlarının təmin edilməsi” mövzusunda seminar keçirildi. Seminarda Milli Məclis, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Tibb Universiteti, Avropa Şurası, İSİM, Uşaq Hüquqları Alyansı, Azərbaycan Tibb Assosiasiyası və digər yerli və beynəlxalq təşkilatların mütəxəssisləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

Seminarı giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov seminarda sağlamlıq hüquqlarının təmin edilməsi ilə bağlı mövcud siyasət, görülən işlər, nailiyyətlər, qarşıda duran vəzifələr, əhalinin iştirakçılıq səviyyəsinin artırılması ilə bağlı dünya təcrübəsindən nümunələrdən bəhs ediləcəyini diqqətə çatdırdı. Ümumdünya Səhiyyə Təşkilatının vətəndaşların sağlamlıq vəziyyətinin yaxşılaşmasında əhalinin birbaşa iştirakını mütləq və vacib saydığını vurğulayan direktor Azərbaycan qanunvericiliyində əhalinin sağlamlıq hüquqlarının Konstitusiya və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla qorunduğunu xatırlatdı: “Qanunda əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi və s. məsələlər öz əksini tapıb.”

Ölkəmizdə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşması ilə bağlı bir sıra mühüm işlərin aparıldığını, müxtəlif dövlət proqramlarının təsdiq edildiyini və həyata keçirildiyini bildirən C.Məmmədov ölkənin inkişafına xidmət edəcək ən mühüm sənədlərdən biri olan “Azərbaycan – 2020. Gələcəyə Baxış” İnkişaf Konsepsiyası barədə məlumat verdi və vurğuladı ki, bu konsepsiyada səhiyyə sektorunda islahatlar da əsas prioritetlər sırasındadır.

Direktor əhalinin sağlamlığının qorunmasında islahatlar barədə məlumatlılığın böyük əhəmiyyət daşıdığından bu istiqamət üzrə İSİM-də keçirilən silsilə tədbirlərin davamı kimi, may ayında “İnsan hüquqları aylığı” çərçivəsində “Məlumatlı razılığın etik və hüquqi aspektləri” mövzusunda dövlət tibb müəssisələri və özəl klinika rəhbərləri üçün seminarın təşkil olunduğunu nəzərə çatdırdı. Həmçinin, Avropa Şurasında “Sağlamlığın mühafizəsi hüququ barədə vətəndaş məsləhəti platforması” modelinin əhalinin sağlamlıqla bağlı məsələlərin həllində iştiraka cəlb olunmasında əhəmiyyətli model hesab edildiyini qeyd etdi.

Avropa Şurasının nümayəndəsi, Layihənin koordinatoru Mehri Qafarzadə layihənin məqsədinin əhalinin tibbi maarifləndirilməsinin artırılması və inkişaf etdirilməsi olduğunu bildirdi. İştirakçılar layihə çərçivəsində Avropa Şurasının Sosial Birlik Komitəsi tərəfindən 22 ölkədən əldə olunan sorğu nəticələri əsasında modulun ilkin variantının 2012-ci il noyabrın 8-9-da Fransanın Strasburq şəhərində keçirilən seminarda müzakirə olunmaq üçün hazırlandığı, sağlamlığın qorunması hüququna dair beynəlxalq seminarın təşkil olunduğu və seminarın gedişində “Sağlamlığın mühafizəsi hüququ barədə vətəndaş məsləhəti platforması” modelinin təqdim edildiyi barədə məlumatlandırıldı. Əhalinin sağlamlıq hüquqlarının qorunmasının insan hüquqlarının tərkib hissəsi olduğunu deyən M.Qafarzadə “Sağlamlığın mühafizəsi hüququ barədə vətəndaş məsləhəti platforması” modelini təqdim etdi. Modelin hazırlanması prosesinə geniş nəzər salan koordinator sağlamlığın mühafizəsi hüququ barədə vətəndaş məsləhətinin əsas istiqamətləri, detalları, platformaya daxil edilən məsələlər, maraqlı tərəflərin qarşılıqlı və effektiv fəaliyyəti üçün zəruri olan istiqamətlər, 2013-cü ildə gözlənilən nəticələr barədə söhbət açdı.

Millət vəkili İlham Məmmədov əhalinin sağlamlığının qorunmasının və əlçatanlığının təmin edilməsinin Azərbaycanın sosial siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğuladı: “Bu gün “Pasiyentin hüququ haqqında” qanun layihəsi Milli Məclisin gündəliyindədir və mütəmadi olaraq müzakirə olunur.” İ.Məmmədov həmçinin qanun layihəsinin hüquq müstəvisində tənzimlənməsinə mane olan amillərdən bəhs etdi: ““Tibbi sığorta haqqında” qanun layihəsinin qəbul olunmasına baxmayaraq, tətbiq olunmur. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ictimai dinləmələrdən keçsə də, mükəmməl şəkildə işlənib hazırlanması istiqamətində maneələr var. Tütün tüstüsünün zərərlərinin azaldılması ilə bağlı qanun hələ qəbul edilməyib. Hesab edirəm ki, seminarda səsləndiriləcək təklif və tövsiyələr bu maneələrin aradan qaldırılmasında bizə yardım edəcək.”

Azərbaycanda sağlamlıq hüquqlarının təmin olunmasında Ombudsmanın rolu barədə Ombudsman Aparatının Protokol sektorunun müdiri Yeganə Cəfərova məlumat verdi. Çıxışda tibbi yardımın təşkili, əhalinin sağlamlıq hüquqlarının qorunması və maarifləndirmə tədbirlərinin aparılması istiqamətində atılan addımlardan söhbət açıldı.

Niderlandın Maastrixt Universitetinin Beynəlxalq sağlamlıq departamentinin konsultantı Kristina Sorensen “Sağlamlığın mühafizəsi hüququ barədə vətəndaş məsləhəti haqqında” sorğunun yekun hesabatını təqdim etdi. Departamentin Avropa ölkələrinin ictimai səhiyyəsi ilə bağlı araşdırmalar apardığını və səhiyyə sahəsində savadlılığın artırılmasına yönələn tədbirlər keçirdiyini nəzərə çatdıran K.Sorensen diqqəti insanların gündəlik olaraq sağlamlıqları barədə qərar qəbul etmək üçün məlumatlı olmalarının vacibliyinə çəkdi. Bu istiqamətdə konseptual modelin hazırlanması, səhiyyə siyasətinin və səhiyyə savadlılığı sisteminin təşkili məsələləri və səhiyyə xərclərindən bəhs etdi.

Maltanın Səhiyyə Nazirliyinin nümayəndəsi və keçmiş Avropa Səhiyyə Komitəsinin üzvü Reymond Xerri “Səhiyyə sistemində vətəndaşların iştirakı – Passiv və ya Aktiv?” mövzusunda məruzə etdi. Təqdimatda səhiyyə proseslərində pasiyent iştirakının vacibliyi, bu iştiraka mane olan amillər və iştirakın nəticələri barədə məlumatlar əhatə olundu: “Səhiyyənin təşviqi ilə bağlı məlumatsızlığın aradan qaldırılması üçün tibb işçilərinin peşəkarlığı artırılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı həmişə insanların fəal şəkildə səhiyyə proseslərində iştirakını və pasiyent hüquqlarına hörmətlə yanaşmanı tələb edir.”

“Bioetika, tibbi etika və etik davranış qaydaları, pasiyentin hüquqları və məlumatlı razılıq” mövzusunda təqdimatla İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin hüquqşünası Fidan Rüstəmova çıxış etdi. Təqdimatda tibbdə etik davranış, pasiyent hüquqları, həkimlərin etik davranış qaydalarına nəzər salındı, yeni elm olan bioetikanın həkimlə pasiyent arasındakı münasibətləri tənzimlədiyi və qarşıya çıxan problemləri öyrəndiyi bildirildi.

Sonda seminar iştirakçıları sağlamlıq hüquqlarının təmin edilməsi ilə bağlı məsələləri müzakirə edib, Avropa Şurası tərəfindən hazırlanmış Modelin Azərbaycan üçün də vacibliyini vurğuladılar.