29 MAY 2013
Vərəm və ağciyər xəstəlikləri üzrə VI Elmi-praktiki Konfrans keçirildi
2013-cü il mayın 29-da “Hyatt Regency” otelinin “Quba” zalında USAİD tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və Ftiziatr və Pulmonoloqların İctimai Birliyinin təşkilatçılığı ilə Vərəm və ağciyər xəstəlikləri üzrə VI Elmi-praktiki Konfrans keçirildi. Konfransda Millət vəkilləri, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti, Bakı şəhəri 1 saylı vərəm dispanseri, Bakı şəhəri 4 saylı vərəm əleyhinə dispanser, Naxçıvan MR Ağciyər Xəstəlikləri Dispanseri və AbtAssociates-in nümayəndələri iştirak etdilər.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, Azərbaycan Respublikasının Baş Ftiziatrı Elcan Məmmədbəyov və Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin rəhbəri Olqa Zues konfrans iştirakçılarını salamlayaraq konfransın keçirilməsinin məqsədlərini və zəruriliyini açıqladılar. Həmçinin konfrans zamanı Millət vəkilləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri də məruzə ilə çıxış etdilər. Konfrans müddətində mövzu ilə bağlı bir neçə təqdimat dinlənildi.
Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin vərəm komponenti üzrə Baş məsləhətçisi Aleksandr Paseçnikov “ABŞ-ın maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin vərəmlə mübarizə istiqamətində Səhiyyə Nazirliyi ilə əməkdaşlığı və fəaliyyət nəticələri” mövzusunda çıxış etdi. Digər iştirakçıların çıxışında “Vərəmin profilaktikası” və “Vərəm əleyhinə kimyəvi terapiyanın yan təsirləri”, “Ağciyərdən kənar vərəm”, “Ağciyər vərəminin kompleks müalicəsi zamanı cərrahi müdaxilələrin tətbiqi” üzrə klinik protokolların təqdimatı da oldu.
İSİM-in ictimai səhiyyə üzrə mütəxəssisi Gülnarə Hacızadənin “Məhbuslar arasında İİV və hepatit viruslu ko-infeksiyalarının çoxsaylı dərmanlara davamlı vərəmli xəstələrin müalicə nəticələrinə təsiri (operativ tədqiqat)” mövzusunda təqdimatı maraqla qarşılandı. Təqdimatda əsas diqqət problemin aktuallığına, tədqiqatın məqsədinə çəkildi. Eləcə də tədqiqatda istifadə edilən material və metodlar, həmçinin tədqiqatın sonunda əldə edilən nəticələr barədə də məlumat verildi. G.Hacızadə sonda tövsiyələri nəzərə çatdırdı: “Gələcək fəaliyyət irəliləmiş xəstəliyi və kütləvi bakteriya ifrazı olan xəstələrə yönəlməlidir, yəni belə xəstələrin erkən aşkarlanması və onların müalicəsində tədqiqat zamanı müəyyən edilmiş risk faktorlarına uyğun olaraq, cərrahi müdaxilə və kimyəvi müalicədən ibarət kombinə olunmuş yanaşma istifadə edilməlidir.”
Təqdimatların sonunda fikir mübadiləsi aparıldı.