13 FEVRAL 2013
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2013-cü il fevralın 13-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Rostropoviç-Vişnevskaya Fondu, Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi (Abt Associates), Azərbaycana Birgə Yardım (UAFA), BMT-nin Uşaq Fondu (UNICEF), Azərbaycan Tibb Assosiasiyası (ATA) və digər təşkilatların nümayəndələri iştirak etdilər.
BMT-nin Uşaq Fondunun nümayəndəsi Gülnar Məmmədova Milli Qidalanma Sorğusu haqqında qısa məlumat verdi. Onun sözlərinə görə sorğunun məqsədi Azərbaycan uşaqları (6-59 aylıq) və reproduktiv yaşda olan qadınların (15-49 yaş) qidalanma statusunu müəyyənləşdirməkdir.
Nəzərdə tutulan bir neçə klinik protokolların hazırlanması haqqında söhbət açan Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin nümayəndəsi Nərmin Əfəndiyeva təşkilat tərəfindən Azərbaycanda olan Tibb assosiasiyaların qiymətləndirilməsi üzrə aparılan işlər haqqında iştirakçıların nəzərinə çatdırdı. Bu qiymətləndirmənin məqsədlərindən biri iştirak edən 6 tibb assosiasiyanın keçmiş, indiki və gələcək potensialını müəyyənləşdirmək idi. Sonda planlaşdırılan işlərdən bəhs edən təşkilat nümayəndəsi qeyd etdi ki, yaxın zamanda Gəncədə ftiziatorlar üçün böyük regional təlim keçiriləcək. Təlimin məqsədi vərəm üzrə klinik protokollar haqqında həkimləri məlumatlandırmaqdır.
Səhiyyə Sektorunda İslahatlar layihəsini təmsil edən Səkinə İsmayılova layihə çərçivəsində aparılan bir sıra təlimləri qeyd edərək, hazırda 5 pilot rayonunda həkim və orta tibb işçiləri üçün kompüter bilikləri üzrə təlimlərin keçirilməsi haqqında məlumat verdi.
İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçılara ötən aylar ərzində və planlaşdırılan işlər barədə qısa məlumat verdi. Belə ki, Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) ilə bağlı cədvəllər haqqında hesabat yazılır və yaxın 3-4 ay ərzində hesabat işlərinin tamamlanması planlaşdırılır.
«Azərbaycan Tibb Assosiyasiyası» təşkilatının rəhbəri Nəriman Səfərli təşkilatın fəaliyyəti haqqında təqdimatla çıxış etdi. Təqdimatda assosiasiyanın yaranma tarixi, məqsəd və vəzifələri ətraflı əhatə edilmişdir. Davamlı tibbi təhsil proqramının hazırlanması və tətbiqinə köməklik göstərməsi məqsədini N. Səfərli xüsusi ilə vurğuladı.