11 DEKABR 2012
“Diabet - XXI əsrin problemi.Mübarizə yolları varmı?” üzrə jurnalistlər üçün brifinq keçirildi
2012-ci il dekabrın 11-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD-in maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi çərçivəsində Abt Associates tərəfindən “Diabet-XXI əsrin problemi.Mübarizə yolları varmı?” adlı jurnalistlər üçün keçirilən brifinqdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları da iştirak etdi. Tədbirdə həmçinin Azərbaycan Diabet Cəmiyyətinin nümayəndələri, jurnalistlər iştirak etdilər.
“Diabet dünyanın bütün regionlarında epidemiya ölçülərinə çatmış, XXI əsrin sağlamlıq sahəsində mühüm çətinliklər törədən və inkişafın qarşısını alan amillərdən biridir” qeyd edən Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova, xüsusilə vurğuladı ki, diabet cəmiyyətin iqtisadi, sosial, psixoloji, mədəni sahələrinə təsir edir. Daha sonra M. Ömərova nəzərə çatdırdı ki, diabet yalnız tibb problemi deyil və artıq insan hüquqları məsələsi kimi qəbul olunmuşdur.
Brifinqdə həmçinin Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, həkim-endekrinoloq Müjgən Talıbova “Şəkərli diabetlə mübarizə yolları”barədə təqdimat etdi. Onun sözlərinə görə şəkərli diabet verdiyi ölüm sayına görə bir sıra inkişaf etmiş ölkələrdə və həmçinin Azərbaycanda onkoloji və ürək – qan damar xəstəliklərindən sonra üçüncü yerdə durur.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Abbasova Zəminə “İctimai səhiyyə və diabetlə mübarizə” mövzusunda məruzə etdi. Çıxışda şəhər və rayonlarda “Diabet məktəbləri”nin təşkili barədə layihə haqqında məlumatlar verildi. Layihənin məqsədi Respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıqların, müəyyən vərdişlərin artmasına nail olmaqdır. Z.Abbasova eyni zamanda diabet xəstəliklərinin mübarizə yollarının artması üçün maarifləndirmə və təbliğat işlərinin vacibliyini vurğulayaraq, İctimai Səhiyyə və İslahatlar Mərkəzində bu mövzuda maarifləndirici materialların çap olunduğu barədə məlumat verdi.
Sonda maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.