17 NOYABR 2012
İSİM-in direktoru “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 5-ci sessiyasında iştirak etdi
“Tütünə qarşı mübarizə haqqında” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası Tərəflərinin Konfransı 2 ildən bir mütəmadi sessiyalarını keçirir və Konvensiyanın yerinə yetirilməsi suallarını cavablandırmaq, qərarların, protokolların qəbul edilməsi məqsədini daşıyır. Tərəflər konfrans zamanı Konvensiyanın həyata keçirilməsi haqqında məruzə verir, təcrübə mübadiləsi aparmaq imkanı qazanırlar. Tərəflərin Konfransı hər növbəti sessiyada sədr və sədr müavinlərini seçir. Konfransın iş prosesində müşahidəçilər də iştirak edə bilərlər. Tərəflərin Konfransının hazırkı rəyasət heyəti 2010-cu il noyabrın 15-20-də Uruqvayın Punta-del-Este şəhərində keçirilmiş 4-cü sessiyada seçilib.
2012-ci il noyabrın 12-17-də Koreya Respublikasının paytaxtı Seulda “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 5-ci sessiyası keçirildi. Çərçivə Konvensiyasına üzv ölkələrin nümayəndələrinin iştirakçısı olduğu Konfransda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov təmsil etdi.
Konfransda “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsində baş verən irəliləyişlər nəzərdən keçirildi, Konvensiyanın həyata keçirilməsi yolları, o cümlədən Konvensiyanın 6; 9; 10; 17; 18 və 19-cu maddəsi, tütünlə mübarizə istiqamətində beynəlxalq sənədlər, beynəlxalq əlaqələrin gücləndirilməsi və yardım mexanizmlərinin təkmilləşdirilməsi kimi əsas məsələlər ətrafında fikir mübadiləsi aparıldı, beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulandı.
Konfransın ilk günündə Çərçivə Konvensiyasına üzv ölkələrin nümayəndələrinin tütün məmulatlarının qanunsuz satışının aradan qaldırılmasına dair Protokolu təsdiq etmələri barədə qərar qəbul edildi. Protokolda tütün məmulatlarının qanunsuz satışı ilə mübarizənin satış şəbəkəsinə nəzarət yolu ilə aparılması qaydaları diqqətə çatdırılıb. Sənəddə hüquqazidd hərəkətlər müəyyənləşdirilib, Protokolun müddəalarına riayət edilmənin təmin olunmasına dair tədbirlər yer alıb. Protokolda tütün məmulatları axınının qlobal şəbəkəsinə nəzarət sisteminin yaradılması təklif olunur, lisenziyalaşma, məsuliyyət, informasiya mübadiləsi, qarşılıqlı hüquqi yardım kimi tədbirlərdən söhbət açılır.
Konfransda ÜST-nin ekspertləri tütünün əlçatanlığını artıran qanunsuz ticarətin tütün epidemiyasının yayılmasına səbəb olan qlobal problem olduğunu vurğulayıblar. Qanunsuz tütün ticarəti həm də ölkələrin iqtisadiyyatına və hökumətlərin tütünə qarşı mübarizə siyasətinə ziyan vurur. “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının 15-ci maddəsinə əsaslanan və onu tamamlayan Protokol ratifikasiya olunduqdan sonra qüvvəyə minəcəkdir.