13 NOYABR 2012
İSİM-in nümayəndələri Sağlamlığın qorunması hüququna dair beynəlxalq seminarda iştirak etdilər
2012-ci il noyabrın 8-9-da Avropa Şurasının təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində keçirilən Sağlamlığın qorunması hüququna dair beynəlxalq seminarda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Səbinə Babazadə və Aytəkin Əsgərova təmsil etdilər. Tədbirdə Türkiyə, Avstriya, Bolqarıstan, Xorvatiya, Almaniya, Macarıstan, İsrail, Moldova, Monako, Portuqaliya və Rumıniyanın nümayəndələri də iştirak etdilər.
“Sağlamlığın qorunması hüququ üzrə vətəndaş məsləhət platforması modeli” hazırda səhiyyə sahəsində Sosial Birlik üzrə Avropa Komitəsinin həyata keçirdiyi Avropa Şurasının layihəsidir. Layihənin məqsədlərinə sosial birlik üçün şərt sayılan əhalinin sağlamlığının yaxşılaşdırılmasına yardım üçün səhiyyə sistemlərinin təkmilləşdirilməsi, internet, sosial şəbəkə və digər interaktiv forum vasitəsilə səhiyyə informasiya mübadiləsinin aparılması, o cümlədən vətəndaşların sağlamlıq, təhsil və səhiyyə sahəsində savadlılıq səviyyəsinin artırılması daxildir.
Seminarda Avropa Şurasına üzv dövlətlər arasında və vətəndaş məsləhət platforması modeli inkişafı üzrə sorğu nəticələri təqdim olundu. Təqdimatdan sonra sorğu nəticələri və hesabat ətrafında fikir mübadiləsi aparıldı. Eləcə də səhiyyə sahəsində keçirilmiş və gerçəkləşdirilməsi nəzərdə tutulmuş araşdırmalardan bəhs edildi. Bu istiqamətdə layihələrin təqdimatı oldu.
Sorğu nəticələrinin müzakirəsi zamanı 10 üzv ölkədə mövzuya dair tədbirlərin keçirilməsi təklif olundu. Azərbaycan nümayəndə heyəti belə bir tədbirin ölkəmizdə keçirilməsinin də mümkün olduğunu qeyd etdi.
Ölkə təqdimatlarında səhiyyə sistemində güclü idarəetmə, sağlamlığın qorunması hüququna dair “Səhiyyə üzrə biliklər və sosial inteqrasiya”, Cənub-Şərqi Avropa Səhiyyə Şəbəkəsinin fəaliyyəti barədə məlumat verildi.
İSİM-in əməkdaşı A.Əsgərova “Pasiyent hüquqları: problemlər və perspektivlər” mövzusunda çıxış etdi. Təqdimatda pasiyentlərin hüquqlarının qorunmasına yönələn mövcud qanunvericilik, dövlət proqramları, İSİM tərəfindən həyata keçirilən fəaliyyətlər və yaxın gələcək üçün planlar barədə məlumat verildi.
Daha sonra “Vətəndaşların Məsləhətləşmələrinin əsas vasitəsi kimi Fərdi Şikayət Mexanizmi”, “Xəstələrin və həkimlərin təhlükəsizliyi” layihələrinin təqdimatı oldu. Seminarın nəticələri ətrafında müzakirə aparıldı.
Sonda “Sağlamlığın qorunması hüququ üzrə vətəndaş məsləhət platforması modeli” təqdim olundu və əsas komponentlər üzrə müzakirələr aparıldı. Ölkələr tərəfindən edilən təklif və dəyişikliklər nəzərə alınaraq yekun sənəd hazırlandı.